Azərbaycana daxil olan və ölkədən köçürülən pul baratlarının həcmi açıqlanıb

2025-ci ilin III rübündə Azərbaycana daxil olan pul baratlarının həcmi 0,2 % artaraq 850 mln. ABŞ dolları təşkil edib.

“APA-Economics” xəbər verir ki, Azərbaycan Mərkəzi Bankında tədiyyə balansının 9 aylıq nəticələri ilə bağlı keçirilən mətbuat konfransında bildirilib.

Müqayisə üçün, 2024-cü ilin müvafiq dövründə ölkəyə göndərilən pul baratlarının həcmi 33,7 % azalaraq 848,5 mln. ABŞ dolları olmuşdu.

Qeyd olunub ki, hesabat dövründə Azərbaycana daxil olan pul baratlarının əsas hissəsi Rusiyanın payına düşüb və bu ölkədən 344 mln. ABŞ dolları vəsait köçürülüb. Türkiyədən 140 mln. ABŞ dolları, ABŞ-dən 74 mln. ABŞ dolları, Böyük Britaniyadan 31 mln. ABŞ dolları, eləcə də Birləşmiş Ərəb Əmirliklərindən 30 mln. ABŞ dolları həcmində pul baratı daxil olub.

Eyni zamanda, ölkədən köçürülən pul baratlarının həcmi 361 mln. ABŞ dolları səviyyəsində formalaşıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5 % azdır.

Bildirilib ki, hesabat dövründə Azərbaycandan xaricə köçürülən pul baratlarının ən böyük hissəsi Türkiyəyə yönəldilib və bu ölkəyə 104 mln. ABŞ dolları vəsait köçürülüb. ABŞ-yə 55,8 mln. ABŞ dolları, Rusiyaya 34 mln. ABŞ dolları, Böyük Britaniyaya 20 mln. ABŞ dolları, Gürcüstana isə 19,8 mln. ABŞ dolları həcmində pul baratı göndərilib.