Bu il Avropada anbarlarından təbii qazın çıxarılması 170 gün davam edib

Avropada davam edən istilik mövsümü 2011-ci ildən bəri müşahidə olunan ən uzun dövrlərdən biri olub.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatlarında qeyd olunub.

Martın 31-nə olan məlumata görə, 2025–2026-cı illər mövsümündə Avropa İttifaqında yeraltı qaz anbarlarından qaz çıxarılması artıq 170 gündür davam edir. Bu göstərici ilə cari mövsüm 2014–2015 və 2016–2017-ci illərin istilik dövrləri ilə birlikdə üçüncü yeri bölüşür.

Yaxın vaxtlarda növbəti göstəricinin – 2015–2016-cı illər mövsümünə aid 172 gün həddinin keçiləcəyi ehtimal olunur.

Müşahidələr dövründə ən uzun istilik mövsümü isə 2020–2021-ci illərə təsadüf edib – 190 gün.

2026-cı ilin mart ayının sonuna Avropada yeraltı qaz anbarlarının doluluq səviyyəsi 28%-dən aşağı olub. Ötən ilin eyni dövründə bu göstərici 33,8% təşkil edib. Ayın yekunlarına görə, Aİ anbarlarında təxminən 31 milyard kubmetr qaz qalıb. Avropa Komissiyasının qazın anbarlara mümkün qədər tez vurulmasına dair çağırışlarına baxmayaraq, bölgədə istilik mövsümü hələ də davam edir.

2025-ci il oktyabrın 13-də başlayan cari istilik mövsümü ərzində Aİ ölkələri anbarlardan 70 milyard kubmetrdən çox qaz götürüb. Xalis çıxarılma (götürülən və vurulan qaz arasındakı fərq) təxminən 61 milyard kubmetr təşkil edir ki, bu da yay aylarında vurulan həcmdən artıq 6 milyard kubmetr çoxdur. Aİ ölkələri hələ fevralın ortalarında yayda anbarlara vurulan qazın hamısını istifadə edib və hazırda əvvəlki illərdən qalan ehtiyatlardan istifadəni davam etdirir.