Dövlət büdcəsini talan edənlər cəzasını çəkməlidir - Natiq Cəfərli

"Auditor Palatasının verdiyi qərarlar əsasında birbaşa cinayət işlərinin açılması və araşdırmaların aparılması üçün imkan yaradılmalıdır"

Audit Palatasının səlahiyyətlərinin genişləndirilməsi və dövlət maliyyə nəzarətinin gücləndirilməsi bu gün aktual məsələlərdən biridir. Müasir idarəetmə sistemində şəffaflıq və hesabatlılıq prinsipləri dövlətin dayanıqlı inkişafının əsas şərtlərindən hesab olunur. Bu istiqamətdə səsləndirilən fikirlər də problemin ciddiliyini bir daha ortaya qoyur. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının 2025-ci il üzrə fəaliyyət hesabatının müzakirəsi zamanı deputat Əli Məsimli qeyd edib ki, bəzi sahələrdə qabaqlayıcı tədbirlər görülmədikdə, ilkin mərhələdə on milyonlarla ölçülən yeyintilər zamanla yüz milyonlara, hətta milyardlarla manata çata bilir. Onun sözlərinə görə, bu sahədə daxili audit mexanizmlərinin gücləndirilməsi həm obyektivliyin artırılmasına, həm də mövcud çatışmazlıqların aradan qaldırılmasına ciddi töhfə verə bilər.

İqtisadçı ekspert Natiq Cəfərli Sherg.az-a bildirib ki, bir mənalı olaraq Audit Palatasının səlahiyyətləri genişləndirilməlidir:

"Auditor Palatasının verdiyi qərarlar əsasında birbaşa cinayət işlərinin açılması və araşdırmaların aparılması üçün imkan yaradılmalıdır.

Bundan əlavə, şəffaflıq da artırılmalıdır. Dövlət büdcəsindən yeyintilər əsasən dövlət satınalmalarında və tenderlərin keçirilməsi prosesində baş verir. Bu sahələr şəffaf olmalıdır. Proses, medianın iştirakı ilə vətəndaş cəmiyyətinin nəzarəti altında həyata keçirilməlidir".

Ekspert vurğulayıb ki, bu, kifayət qədər ciddi məsələdir: 

"Hesablama Palatası, əlbəttə ki, böyük iş görür, amma bu işin konkret nəticəsi də olmalıdır. Günahkarlar cəzasını çəkməlidirlər".