Kanalizasiya problemi hələ də şəhərin baş ağrısıdır
Bakının küçələri və piyadaları diqqət mərkəzində olmalıdır
Azərbaycan “Grant Facility for Project Preparation” mexanizmi çərçivəsində Dünya Bankının əsas qurumlarından olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından 2 milyon ABŞ dolları həcmində qrant əldə edib. Dünya Bankının bununla bağlı sənədlərində qeyd edilir ki, qrantın ayrılmasında məqsəd gələcəkdə Bakının şəhər mühitinin dayanıqlılıq və təhlükəsizlik səviyyəsini əhəmiyyətli dərəcədə qaldırmağa imkan verəcək layihəyə hazırlıq üzrə tədbirlərin maliyələşdirilməsidir. Məlumata görə, vəsaitlər Bakıda şəhər infrastrukturunun, ictimai məkanların və binaların keyfiyyətinin, təbii fəlakətlərə və iqlim dəyişikliklərinə dayanıqlılığının yaxşılaşdırılmasına yönəlmiş layihənin hazırlanmasına sərf olunacaq. Qeyd olunur ki, qrant müvafiq məqsədlərlə fonda toplanmış vəsaitlərin hesabına ayrılır və onun verilməsi Dünya Bankının əsas layihəni sonrakı maliyyələşdirməsi üzrə avtomatik öhdəlik yaratmır. “Sənəddə bildirilir ki, qrant hesabına maliyyələşdirilən hazırlıq mərhələsi müasir ekoloji və iqlim çağırışlarını nəzərə almaqla Bakının şəhər infrastrukturunun inkişafına yönəlmiş gələcək investisiyaların əsasını təşkil edəcək”.
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının qrantı hansı məqsədlər üçün ayırdığı bilinir, amma maraqlıdır, 2 milyon ABŞ dolları Bakıda hansı işlərin görülməsinə sərf olunacaq? Yaxud hansı işlərə sərf olunmalıdır?
İqtisadçı Natiq Cəfərli Sherg.az-a açıqlamasında qeyd etdi ki, ayrılmış qrant layihələndirmə işlərinin və mühəndislərin və yaxud orada çalışan işçilərin zehni əməyinin qarşılığı da ola bilər:
- Çox güman ki, layihələndirmə işlərini aparanlarla müqavilə bağlanacaq, şəhər infrastrukturunun yaxşılaşdırılması ilə bağlı təkliflər hazırlanacaq. Və bu təkliflərin, layihələrin ödənişlərini qrant vasitəsilə həyata keçirəcəklər.
Natiq Cəfərli əlavə etdi ki, iqlim dəyişikliyi “dəb”də olan, dünyanın böyük maliyyə institutlarının ən sevdiyi mövzulardan biridir. Qrant ayırarkən bu məsələylə bağlı təkliflər paketinin hazırlanmasını, su hövzələrinin qorunması və sair. bu kimi məsələləri də mütləq paketə daxil edirlər.
Sosioloq İlqar Hüseynli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, tenderlər, qrant vəsaitləri öncədən konkret təyinat üzrə ayrılır. Xərcləmələrin təyinat üzrə necə istifadə olunduğunun monitortinqi aparılır, buna dair dair hesabatlar hazırlanır:
- Hesab edirəm ki, burada qrant layihəsində sırf texniki məsələlərdən söhbət gedir. Dayanıqlılıq və təhlükəsizlik məsələlərinə gəlincə, düşünürəm, Bakıda elə bir prospekt, magistral yol qalmayıb ki orada təhlükəsizlik kamerası quraşdırılmamış olsun. Yol nişanları var, Dövlət Yol Polisi əməkdaşları daimi nəzarət həyata keçirir. Bizə lazım olan infrastrukturun yenilənməsidir. Tarixi binalar, ictimai məkanların yenilənməsi də ola bilər. Amma hazırda daha vacib olan Bakı şəhərinin işıqlanma sistemidir. Xüsusən də gecə işıqlanmaları. Bu məsələdə həllini gözləyən vacib problemlər var. Elə küçələrimiz var hələ də işıqlanma sistemi normal deyil. Gecə ümumiyyətlə, yol görünmür. Nəqliyyat ötürücülərinin, tunellərin vəziyyəti yaxşı deyil. Subasmalar olur, hətta ölüm halları da baş verir. Tunellərdə işıqlandırma, suötürücü sistemlərinin yenilənməsi çox vacibdir. “Azadlıq prospekti”ndən “Lukoyl” qoşa-yanacaqdoldurma məntəqəsi, İnsna Alverinə qarşı mübarizə İdarəsi istiqamətində, Sumqayıt şossesindən “20 Yanvar” dairəsi, “Şamaxinka”, Olimpiya stadionundan hava limanı istiqamətinə çıxan tunel işıqlanmır. Görülməsi vacib olan bir sıra belə texniki məsələlər var ki onlar bu qrant lsyihəsi çərçivəsində həll etmək olar. Kanalizasiya sisteminin yenilənməsi isə Bakının Baş Planına onsuz da daxildir. 2 milyonla bunu etmək olmaz.