Rauf Qarayev: “Pul dəyərdən düşür, insanlar əlavə qazanc yolları axtarmalıdır”
Son 10 ildə ərzaq məhsullarının qiymətində yüksək artım qeydə alınıb. Bəzi məhsullarda 2-3 dəfə, bəzilərində isə bundan da çox artım olub. Valyuta.az-ın məlumatına görə, dana ətinin qiyməti 2013-cü ildə 10m.40 qəpik idisə 2026-da 21 manatı ötür (21.48-dir). Quzu ətinin qiyməti – 8.59-dan 20.48-ə, kərə yağı 4-6 manatdan 23-25 manata, günəbaxan yağı 2.40-dan 5 manata, qənd 1.10-dan 2.70-ə, qara quru çay (500 qr) 4.30-dan 13.60-a, pendir 8 manata, düyü 10 manata, un 1.50-1.70-dən 3-3.65-ə qədər artıb. Eləcə də süd vəsüd məhsulları, paxlalılarda, içkilərdə nəzərə çarpan artım var. Makaron məhsullarını əhali 70-80 qəpiyə alırdısa, hazırda qiymət 1.40-1.95 arasındadır.
İqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu rəqəmlər inflyasiya faizinin yüksək olduğunu göstərir:
- 2013-cü ildən bu yana rəsmi açıqlanan inflyasiya faizlərinə baxsaq, 2024 və 2025-ci illəri də əlavə etsək, inflyasiya faizi üst-üstə 80 faizi keçmir. Amma məhsulların qiyməti ilə müqayisə etdikdə inflyasiya faizi az görünür. Reallıqda biz pulun dəyərdən düşdüyünü görürük. Deməli, inflyasiya daha sürətlə gedir. Pul getdikcə dəyərdən düşdüyü üçün biz əlavə qazanc mənbəyi axtarırıq. Bəs bu halda nə etmək lazımdır? Cavab məlumdur. Yerli istehsal güclənməlidir, neftdən asılılıq azalmalıdır, insanlara biznes azadlığı verilməlidir. Bu, dövlətin yükünü azaldacaq. İnsanlar varlanmalıdır. İnflyasiya faizi əslində böyükdür, amma rəsmi rəqəmlərdə kiçik görünür, reallıqda isə inflyasiya daha yüksəkdir.