Son illərdə Azərbaycan və Çin arasında iqtisadi əlaqələr getdikcə güclənir. Çin kimi nəhəng iqtisadi gücə malik bir ölkə ilə əməkdaşlıq, Azərbaycanın iqtisadi potensialının artırılması və rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması baxımından böyük əhəmiyyət kəsb edir.
Məlumata görə, Çinin Cənubi Qafqaz regionundakı birbaşa xarici investisiya (BXİ) portfeli son on ildə 2,5 dəfə artaraq 2025-ci ilin ilk yarısında 690 mln. ABŞ dollarına çatıb. Bu investisiyaların təxminən 60%-i Azərbaycana, 40%-i isə Gürcüstana yönəlib. Avrasiya İnkişaf Bankının (EDB) hesabatına görə, regionda Çin investisiyalarının əsas hissəsi Azərbaycan və Gürcüstan arasında bölüşdürülüb, lakin Azərbaycanın üstün mövqeyi qorunur və ölkə Çin kapitalı üçün əsas istiqamət olaraq qalır.
İqtisadi ekspert Xalid Kərimli Sherg.az-a açıqlamasında Çin-Azərbaycan iqtisadi münasibətlərindən, mövcud vəziyyət və perspektiv imkanlarından danışıb:

"Çinlə qurulan iqtisadi əlaqələr Azərbaycana böyük fayda verəcək. Ölkəmizə o qədər də diqqət göstərilmir. Halbuki Azərbaycanın ümumdaxili məhsulu Gürcistandan böyükdür, əhalisi və iqtisadi imkanları daha genişdir. Aradakı fərq isə 60-40 nisbətində cüzidir. Əgər Azərbaycan və Gürcüstan iqtisadiyyatını müqayisə etsək, Çin Azərbaycanın iqtisadiyyatına daha çox yatırım etməlidir. Amma görünən odur ki, Çin buna o qədər də diqqət etmir. Əksinə, Gürcistana daha çox diqqət göstərilir. Çin nəhəng iqtisadiyyatdır. Onun həm böyük istehsal imkanları, həm maliyyə resursları, həm investisiya imkanları, həm texnoloji potensialı, həm də turizm sahəsində böyük imkanları vardır. Pekinlə əməkdaşlığın genişləndirilməsi ölkəmizin iqtisadiyyatı üçün, rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması üçün vacibdir".
İqtisadçı bildirib ki, Çin investisiyalarını ölkəmizə cəlb edə və birgə müəssisələr yarada bilsək, bu həm yerli məşğulluq, həm də iqtisadi artım üçün mühüm töhfə verə bilər:
"Çin dünya istehsalının 25%-ni özündə cəmləşdirir və dünyada ən böyük boş maliyyə resurslarına sahibdir. Onun geniş imkanları getdikcə artır. Xüsusilə bu imkanlar yalnız maliyyə və investisiya ilə məhdudlaşmır, həm də texnoloji istehsalın inkişafı, know-how(texniki bilik), müasir texnologiyaların tətbiqi, rəqəmsallaşma və intellektual resurslarla artır. Bu baxımdan Azərbaycan şirkətlərinin Çin şirkətləri ilə əməkdaşlığını genişləndirməsi məqsədəuyğundur".