Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik təklif edilib. Dəyişikliyə əsasən Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir.
Layihəyə əsasən, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir.
Ümumiyyətlə son illər elektron siqaretlər cəmiyyətin diqqət mərkəzinə çevrilən mövzulardan biridir. Bu məhsulların istifadəsi, mümkün zərərləri və onlara qarşı tətbiq olunan məhdudiyyətlər müxtəlif ölkələrdə müzakirə olunur. Elektron siqaretlərin yayılma səviyyəsi və onlarla bağlı yanaşmalar həm ictimai sağlamlıq, həm də maarifləndirmə baxımından aktual məsələ olaraq qalır.
İqtisadçı ekspert Natiq Cəfərli Sherg.az-a açıqlamasında elektron siqaretlərin qadağasının ölkə iqtisadiyyatına ciddi təsir göstərməyəcəyini söyləyib:

"Elektron siqaretlər bütün dünyada son dövrlərdə formalaşan genişmiqyaslı trend hesab olunmur. Bunun əsas səbəblərindən biri onların sağlamlıq üçün daha zərərli olması ilə bağlı artan narahatlıqlardır. Artıq bu məhsullara öyrəşmiş və asılılıq formalaşmış insanlar mövcuddur. Onlar qadağa tətbiq olunmayan ölkələrə səfər etdikdə, elektron siqaretləri şəxsi istifadələri üçün alıb gətirəcəklər. Bu baxımdan, təkcə qadağalarla bu tip problemlərin həlli olduqca çətindir".
Ekspert narkotik vasitələrin də dünyanın bir çox ölkəsində qadağan edildiyini, lakin məhdudiyyətlərlə onların satışının və istifadəsinin qarşısını tam almağın mümkün olmadığını vurğulayıb:
"Daha çox maarifləndirmə və təşviqedici tədbirlərə ehtiyac var. Xüsusilə gənclər və uşaqlar diqqət mərkəzində olmalıdırlar. Məktəblərdə bu məhsulların zərərləri ilə bağlı daha geniş məlumatlandırma aparılmalıdır. Bu yanaşma vətəndaşların erkən yaşlardan fəsadlar barədə məlumatlı olmasına kömək edə bilər. Elektron siqaretlərlə bağlı ölkə iqtisadiyyatına ciddi təsiri gözlənilmir. Çünki onların bazar payı böyük deyil".