İran ətrafındakı münaqişənin nəticələri qlobal ərzaq böhranı riskini artırır

İran ətrafındakı münaqişənin nəticələri gübrə tədarükündə fasilələr və enerji qiymətlərinin artması fonunda ən böyük ərzaq böhranlarından birinin yaranması təhlükəsini artırır.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.

Məlumata görə, xüsusilə inkişaf etməkdə olan ölkələr, eləcə də Hindistan, Banqladeş və ABŞ-nin əsas kənd təsərrüfatı regionları daha həssas vəziyyətdədir. Bu ölkələrdə fermerlər qaz, yanacaq və gübrə çatışmazlığı ilə üzləşirlər. Problemlər Qətər, Əlcəzair və Avropada gübrə istehsalının dayandırılması, həmçinin Hörmüz boğazı vasitəsilə tədarüklərin bloklanması ilə əlaqələndirilir.

Enerji qiymətlərinin artması məhsulların daşınması, emalı və saxlanması xərclərini yüksəldir. Hətta qısamüddətli münaqişə belə ABŞ-də ərzaq inflyasiyasını 2%-dən 4%-ə yüksəldə bilər, münaqişənin uzanması halında isə bu göstərici 10%-i keçə bilər.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qiymətləndirməsinə görə, iyun ayına qədər yoxsul ölkələrdə təxminən 45 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşə bilər. Hazırda isə dünyada 318 milyon insan ərzaq təhlükəsizliyi problemi yaşayır. Ekspertlər xəbərdarlıq edirlər ki, gübrə və ərzaq tədarükünün təmin olunması üçün təcili tədbirlər görülməzsə, böhran daha da dərinləşəcək.