Regional müşavirələrin keçirilməsi kənd təsərrüfatı siyasətinin yerlərdə daha effektiv icrasına mühüm təsir göstərəcək
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi məqsədilə silsilə regional müşavirələr keçirilir.
Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, müşavirələr Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə keçirilən müşavirələrdə Prezidentin köməkçiləri, aidiyyəti dövlət qurumlarının rəhbərləri, səlahiyyətli nümayəndələr, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, fermerlər, sahibkarlar və digər maraqlı tərəflər iştirak edəcəklər.
Regional müşavirələr çərçivəsində Dövlət Proqramının əsas məqsəd və prioritetləri, aqrar sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, eləcə də fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi, bu istiqamətdə dövlət dəstəyi və digər məsələlər müzakirə olunacaq.
Qeyd edirik ki, bu görüşlər Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlarda əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə sistemli şəkildə təşkil edilir.
Dövlət Proqramının icrası ilə bağlı regional müşavirələrin ölkənin digər iqtisadi rayonlarında da mərhələli şəkildə keçirilməsi nəzərdə tutulur.
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı Akif Nəsirli Sherg.az-a bildirib ki, Prezidentin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiqlənmiş kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair Dövlət Proqramı çərçivəsində regionlarda keçirilən müşavirələr aqrar siyasətin yerlərdə daha effektiv və koordinasiyalı şəkildə həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, regional müşavirələrin keçirilməsi kənd təsərrüfatı siyasətinin yerlərdə daha effektiv icrasına mühüm təsir göstərəcək: 
“Bu görüşlər vasitəsilə fermerlər, sahibkarlar və yerli icra strukturları mövcud problemləri birbaşa aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırmaq imkanı əldə edirlər. Nəticədə regionların spesifik ehtiyacları daha dəqiq müəyyənləşdirilir, qəbul edilən qərarlar yerli şəraitə uyğunlaşdırılır və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası üzərində koordinasiya güclənir. Eyni zamanda, müşavirələr dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırmanı artıraraq fermerlərin yeni imkanlardan daha səmərəli istifadə etməsinə şərait yaradır.
Proqramın uğurlu icrası kənd yerlərində məşğulluğun artırılmasına da töhfə verə bilər. Aqrar istehsalın genişlənməsi, emal müəssisələrinin yaradılması, logistika və saxlama infrastrukturunun inkişafı yeni iş yerlərinin açılmasına səbəb olacaq. Xüsusilə kənd təsərrüfatı məhsullarının emalı sahəsində fəaliyyətin artması yalnız mövsümi deyil, daimi məşğulluq imkanları yaradacaq. Balıqçılıq və akvakultura sektorunun inkişafı da kənd ərazilərində gəlir mənbələrinin şaxələndirilməsinə xidmət edəcək”.
Bununla yanaşı, iqtisadçı qeyd edib ki, proqramın sosial rifaha təsiri onun icra səviyyəsindən asılı olacaq:
“Əgər ayrılan vəsaitlər səmərəli istifadə edilər, fermerlərin maliyyə və texniki dəstəyə çıxışı genişlənərsə, kənd əhalisinin gəlirləri arta və yaşayış səviyyəsi yaxşılaşacaq. Lakin bürokratik maneələr, maliyyə resurslarının qeyri-bərabər bölgüsü və ya layihələrin gecikməsi gözlənilən nəticələrin tam əldə olunmasına mane ola bilər. Buna görə də proqramın uğuru təkcə qəbul edilən hədəflərdən deyil, onların yerlərdə necə və nə dərəcədə effektiv həyata keçirilməsindən asılı olacaq”.