Kənd təsərrüfatı biznes kimi yaxşı fayda verə bilməz - İqtisadçı

"Bu sahə ölkənin ərzaq təhlükəsizliyini təmin edir, buna görə də dünyada kənd təsərrüfatı məhsullarının maya dəyərinin 60-70%-i subsidiya hesabına formalaşır"

Millət vəkili Razi Nurullayev əkin sahəsinə çəkilən xərclə bağlı sosial şəbəkə hesabında bir kəndlinin dilindən paylaşım edib.

Yayılan videoda kəndli məhsulun maya dəyərini təşkil edən xərcləri sadalayır. Şum, toxum, səpin, suvarma, məhsul yığımı, daşınma... xərclərini bir-bir sadalayan kəndli xərcin gəliri üstələdiyini, bu səbəbdən də kəndlilərin əkin-biçinə maraq göstərmədiyini qeyd edir. Bildirilir ki, 1 hektardan 100 manat qalırsa, 10 hektardan 1000 manat mənfəət gəliri olur. 10 hektar üçün də 4000 min manat pul xərclənir. 1000 manat gəlir üçün kimsə 4000 manatıq riskə getməz. Məhsul olmasa bu o deməkdir ki 4000 manat batır. Hətta məhsuldarlıq 30 faiz çox olsa da, yenə də sərf etmir. Hələ üstəlik torpaq vergisi də var. Bələdiyyə torpaqlarında illik vergi 160 manatdır. Səpində istifadə olunan gübrənin bir kisəsi 60 manatdır. Bu, kəndliyə sərf etmir. Elə adam var, 1 hektar torpaq sahəsi də yoxdur. 1997-ci ildən sonra doğulanlara pay torpağı ümumiyyətlə verilmir. Belə bir vəziyyətdə kənd təsərrüfatının inkişafından danışmaq absurd görünür.

İqtisadçı Saleh Məmmədov isə məsələyə Sherg.az-a belə izah verib: 

- Biz dərk etməliyik ki, kənd təsərrüfatı biznes kimi yaxşı fayda verə bilməz. Kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyini təmin edir, buna görə də dünyada kənd təsərrüfatı məhsullarının maya dəyərinin 60-70%-i subsidiya hesabına formalaşır. Bunun üçün isə proqram qəbul olunmalı, maliyyə buraxılmalı, yeni kadrlar hazırlanmalı, texnoloji yüksək inkişafa malik olan İsrail, Cənubi Koreya, Hollandiya kimi ölkələrin islahat təcrübəsindən istifadə edilərək konkret tədbirlər görülməlidir. Koreya 70-ci illərdə geniş kənd təsərrüfatı islahatları hesabına elə bir səviyyəyə qalxdı ki, eyni ərazidə Azərbaycandan 20 dəfə çox məhsul istehsal edir. İlk islahatı təhsildən başladılar, bir kənd təsərrüfatı məktəbi açdı, nazirdən tutmuş ən sadə fermerə qədər hamıya kənd təsərrüfatı təhsili verildi, amerikalı müəllimlərlə. Effekt dərhal alındı. Eləcə də, İsrail, Hollandiya.