Müharibəyə görə, Xəzəryanı ölkələrin neft məhsullarına tələbat artıb -RƏYLƏR

İran, ABŞ və İsrail arasında davam edən hərbi qarşıdurma qlobal iqtisadiyyatı çalxalayıb. Yaxın Şərqdə artan gərginlik birbaşa Hörmüz boğazında neft daşımalarının 80% azalmasına səbəb olub. Regiondakı gərginliyə görə boğazda gəmilərin təhlükəsiz hərəkəti təhdid altındadır. Vəziyyətlə əlaqədar, sığorta xərclərinin və daşınma tariflərinin artması enerji məhsullarının qiymətlərinin yüksəlməsinə yol açıb. Dünya bazarında bir çox neft məhsullarının qiyməti “Brent” markalı neftin qiymətinə əsasən müəyyənləşir. Azərbaycanın əsas ixrac neft markası olan “Azeri Light”ın qiyməti də “Brent”lə indeksləşdirilir. “Brent” neftinin 2026-cı ilin may müqaviləsinin dəyəri 4,51% artaraq bir barel üçün 112,22 ABŞ dolları təşkil edib. “Azeri Light” markalı neftin bir barelinin qiyməti isə 5,57% azalaraq 116,05 ABŞ dolları olub. “Azeri Light”ın qiyməti azalsa da, “Brent”lə müqayisədə yüksək olaraq qalır.

Mövzu ilə bağlı enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Sherg.az-a bildirib ki, Yaxın Şərqdəki müharibəyə görə, Xəzəryanı ölkələrin neft məhsullarına tələbat artıb:

“Son bir neçə ildə Azərbaycanın ixrac markaları olan BTC Blend və Azeri Light markaları ilə yanaşı digər Xəzəryanı ölkələrin neft məhsullarına, o cümlədən Qazaxstana məxsus CPC Blend və Kebco markalarına təlabat yüksəlib. Ona görə də, ötən həftə ərzində, Azərbaycana məxsus “Azeri Light” və BTC Blend ixrac markaları, “Brent” etalon markasına nisbətən CIF Augusta şərti ilə hər barelə 6,85-7,08 dollar premium ilə satılıb. “Azeri Light” və BTC Blend neftinin “Brent” markası ilə müqayisədə yüksək qiymətə satılması, bazara alternativ mənbələrdən çıxarılan neft həcmlərindən, emal güclərinin texnoloji qurğularından olan hidrokrekinq qurğularında istifafə edilən "boz hidrogen" qiymətlərindən asılıdır. Bütün bunlara baxmayaraq Azərbaycan ixrac markaları yaxın perspektivdə “Brent” etalon neft markasına nisbətdə mükafatla satılacaq”.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə bildirib ki, “Azeri Light” markalı neftin “Brent”dən yüksək qiymətə satılmasının əsas səbəbi onun daha yüksək keyfiyyətə malik olması ilə bağlıdır: 

“Azeri Light” neftinin tərkibi yüngül və aşağı kükürdlüdür. Bu xüsusiyyətlər emal zamanı daha çox benzin və dizel kimi yüksək dəyərli məhsullar əldə etməyə imkan verdiyindən, alıcılar üçün cəlbedicidir. Xüsusilə Avropa zavodları “Azeri Light” kimi keyfiyyətli xammala üstünlük verir. Qlobal bazarda qiymətlərin dəyişməsi fonunda “Azeri Light”ın qiymətinin azalması isə ümumi tələb və təklif balansı ilə bağlı olur. Dünya iqtisadiyyatında yavaşlama, enerji tələbatının azalması, alternativ enerji mənbələrinin payının artması və bazarda neft təklifinin çoxalması kimi amillər də qiymətə mənfi təsir göstərə bilər. Bundan əlavə, region üzrə logistika xərcləri, nəqliyyat riskləri və ya müəyyən bazarlarda alıcı tələbinin azalması da qiymətin enməsinə səbəb olur”.