Tarix göstərir ki, bu bazar yüksək dəyişkənliyə malikdir və kəskin enişlərdən sonra bərpa dövrləri də müşahidə oluna bilir
Qlobal kriptovalyuta bazarında son günlər müşahidə olunan enişlər investorların riskli aktivlərdən uzaqlaşdığını göstərir. Xüsusilə Yaxın Şərqdə artan geosiyasi gərginlik, İsrail–Hizbullah qarşıdurmasının genişlənməsi, İranla bağlı hadisələr və sülh danışıqlarının nəticəsiz qalması bazarda ciddi narahatlıq yaradıb. Nəticədə kapitalın bir hissəsi Bitcoin və digər kriptovalyutalardan çıxaraq qızıl və dövlət istiqrazları kimi ənənəvi “təhlükəsiz liman” hesab edilən aktivlərə yönəlib.
Qeyd edək ki, qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 1,79% azalaraq 2,25 trilyon dollara enib.
"Bitcoin"in qiyməti 2,65% azalaraq 64 532 dollara düşüb. Bazarın ikinci ən böyük kriptovalyutası olan "Ethereum"un qiyməti isə 1,49% azalaraq 1 810 dollara geriləyib.
Bitcoinin ciddi dəyər itirməsi investorların kriptovalyutalara baxışını dəyişib. Hətta uzun illər Bitcoin tərəfdarı kimi tanınan şəxslərin belə kriptovalyuta ilə bağlı daha ehtiyatlı açıqlamalar verməsi bazarda inamsızlığın artdığını göstərir. Mövcud vəziyyət yaxın dövrdə kriptovalyuta bazarında yüksək dəyişkənliyin davam edəcəyini göstərən əsas amillərdən biri kimi qiymətləndirilir.
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı Akif Nəsirli də hesab edir ki, kriptovalyuta bazarında son enişlər investorların riskli aktivlərə münasibətinin dəyişməsi ilə əlaqədardır. O, Sherg.az-a bildirib ki, qlobal iqtisadi qeyri-müəyyənlik, yüksək faiz dərəcələrinin uzun müddət saxlanılması ehtimalı və maliyyə bazarlarında artan ehtiyatlılıq kriptovalyutalara təzyiq göstərən əsas amillər sırasındadır:
“Belə dövrlərdə investorlar daha sabit və ənənəvi hesab olunan aktivlərə üstünlük verməyə başlayırlar. Qorxu indeksinin 21 bəndə düşməsi bazarda iştirakçıların əhəmiyyətli hissəsinin riskdən qaçmağa çalışdığını göstərir. Bu da satışların artmasına və qiymətlərin aşağı düşməsinə səbəb olur. Bitcoin və Ethereum kimi aparıcı kriptovalyutaların ucuzlaşması adətən digər rəqəmsal aktivlərə də mənfi təsir göstərir”.
İqtisadçı hesab edir ki, investorların qızıla və digər ənənəvi aktivlərə yönəlməsi əsasən təhlükəsizlik axtarışı ilə bağlıdır:
“Qızıl uzun illərdir iqtisadi və geosiyasi risklərə qarşı qoruyucu vasitə kimi qəbul edilir. Səhm bazarlarında və kriptovalyutalarda dəyişkənlik artdıqda, investorlar vəsaitlərinin bir hissəsini daha etibarlı hesab etdikləri aktivlərə yönəldirlər.
Bununla belə, kriptovalyuta bazarında qısamüddətli enişlər yeni hal deyil. Tarix göstərir ki, bu bazar yüksək dəyişkənliyə malikdir və kəskin enişlərdən sonra bərpa dövrləri də müşahidə oluna bilir. Ona görə də mövcud vəziyyəti həm qlobal iqtisadi faktorların, həm də bazarda risk iştahının azalmasının nəticəsi kimi qiymətləndirmək olar”.