Qonşumuz Rusiya neftindən tamamilə imtina edir

Gürcüstanın ilk tammiqyaslı neft emalı zavodu olan "Black Sea Petroleum" (BSP) Rusiya neftinin əvəzlənməsini strateji məqsəd olaraq müəyyənləşdirib.

Sherg.az Report-a istinadən xəbər verir ki, bunu şirkətin həmtəsisçisi və baş direktoru David Potsxveriya BMGTV telekanalına müsahibəsində bəyan edib.

D.Potsxveriya qeyd edib ki, fəaliyyətə Rusiya neftinin emalı ilə başlayan şirkət hazırda xammal bazasının şaxələndirilməsi üzərində fəal şəkildə işləyir.

"Gələcəkdə bu, BSP-yə məhsulları Avropa Birliyi bazarına ixrac etməyə imkan verəcək. Məqsədimiz Rusiya xammalını tamamilə əvəz etməkdir. Bunun üçün biz artıq Türkmənistan nefti ilə işləyirik, növbəti mərhələdə isə Qazaxıstan və digər alternativ mənbələrdən də istifadə etməyi planlaşdırırıq", - D.Potsxveriya vurğulayıb.

Onun sözlərinə görə, xammal mənbələrinin şaxələndirilməsi şirkətin ixrac imkanlarına birbaşa təsir göstərir. Xüsusilə AB bazarı hazırda Rusiya neftindən hazırlanmış məhsullar üçün bağlıdır və alternativ xammala keçid bu məhdudiyyəti aradan qaldırır.

D.Potsxveriya bildirib ki, Türkmənistan neftinin Azərbaycan üzərindən dəmir yolu ilə tranzitinin təşkilindən sonra şirkət alternativ təchizat zəncirini aktivləşdirə biləcək:

"Bu dəmir yolu şəbəkəsi (Azərbaycan üzərindən - red.) ilə tədarükə başladıqdan sonra Qazaxıstan nefti də daxil olmaqla digər mənbələrin tranziti avtomatik olaraq mümkün olacaq".

Gürcüstanın digər KİV-inin məlumatına görə, BSP Gürcüstanı öz neft məhsulları ilə tam təmin etmək niyyətindədir. Hazırda Kulevi limanında yerləşən və benzin, dizel və aviasiya yanacağı istehsalı üçün yarımfabrikatlar istehsal edən yeganə neft emalı zavodu şirkətə məxsusdur. Müəssisə 2027-ci ilə qədər "Avro-5" standartlarına uyğun yanacaq istehsalına keçməyi planlaşdırır.

Qeyd edək ki, BSP layihəsi Kulevidə həyata keçirilir və onun birinci mərhələsi artıq başa çatıb. Cari mərhələdə zavodun illik gücü 1,2 milyon ton təşkil edir, lakin tam inkişafdan sonra bu göstərici 4,5 milyon tona qədər artacaq. Layihəyə ümumi investisiya qoyuluşu 600 milyon ABŞ dolları məbləğində qiymətləndirilir. Bu məbləğin 150 milyon dollardan çox hissəsi artıq birinci mərhələdə xərclənib.