Akif Nəsirli: Gəlir və xərclərin manatla aparılması xarici valyutaya olan ehtiyacı azaldır
Asif İbrahimli: Azərbaycanda milli valyutaya etimad yüksək səviyyədədir
Son aylarda valyuta bazarında müşahidə olunan dinamika manatın mövqeyinin möhkəmləndiyini göstərir. Dollar təklifinin tələbi üstələməsi, əhalinin valyutaya marağının zəifləməsi və makroiqtisadi göstəricilərin sabit qalması milli valyutanın güclənməsi ilə bağlı müzakirələri aktuallaşdırıb. Bu tendensiya həm bazar iştirakçılarının davranışında, həm də statistik göstəricilərdə aydın şəkildə özünü göstərir. Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, ötən il valyuta hərraclarında təklif tələbi üstələyib. Eyni zamanda, yanvar ayında əhali tərəfindən dollar alışı son üç-dörd ilin ən aşağı səviyyəsinə enib. Bir hərracda 70 milyon dollar təklif olunduğu halda, tələb 54 milyon dollar təşkil edib. Bəs əhalinin dollara marağının azalmasının əsas səbəbləri nədir?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sherg.az-a bildirib ki, məzənnənin sabit qalması və manatın uzun müddət kəskin dalğalanma yaşamaması, əhalinin “ehtiyat” üçün valyuta toplamaq ehtiyacını azaldır:

“İnsanlar görür ki, qısa müddətdə ciddi risk yoxdur. Bu da dollara tələbi zəiflədir. Digər tərəfdən, banklarda manatla yerləşdirilən əmanətlər üzrə faiz dərəcələrinin nisbətən cəlbedici olması vətəndaşları milli valyutada qalmağa təşviq edir. İnflyasiyanın müəyyən qədər sabitləşməsi və ümumi iqtisadi gözləntilərin yaxşılaşması da bu prosesə təsir edir. Bununla yanaşı, inzibati və tənzimləyici tədbirlər, nağdsız ödənişlərin genişlənməsi və bank sektoruna inamın güclənməsi də dollarlaşmanın azalmasına təsir göstərir. Gəlir və xərclərin əsasən manatla aparılması xarici valyutaya olan ehtiyacı əhəmiyyətli dərəcədə azaldır”.
İqtisadçı, makroiqtisadi sabitliyin davamlı şəkildə təmin olunması məqsədilə bir sıra tövsiyələr verib:
“Sabitliyin davamlı olması üçün əsas məsələ makroiqtisadi tarazlığın qorunmasıdır. Büdcə intizamı təmin edilməli, dövlət xərcləri ilə gəlirləri arasında balans saxlanılmalıdır. İnflyasiyanın nəzarətdə qalması üçün pul-kredit siyasəti ehtiyatlı aparılmalıdır. Valyuta ehtiyatlarının kifayət səviyyədə saxlanması bazara inamı artırır. Eyni zamanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və ixracın artırılması uzunmüddətli maliyyə sabitliyi üçün mühüm əhəmiyyət daşıyır. Makroiqtisadi sabitliyə inam davam etdikcə, əhalinin dollara yönəlmə meyli aşağı səviyyədə qalacaq”.
İtisadçı-ekspert Asif İbrahimli, bildirib ki, əhalinin dollara marağının azalmasının əsas səbəblərindən biri manatın məzənnəsinin uzun müddətdir sabit qalmasıdır:

“Artıq 11 ildir ki, saxlanılan sabit məzənnə fonunda vətəndaşlarda kəskin devalvasiya gözləntiləri formalaşmır. Bu da onların yığımlarını xarici valyutada deyil, milli valyutada saxlamağa üstünlük verməsinə səbəb olur. Yeri gəlmişkən, Mərkəzi Bankın İdarə heyətinin sədri cənab Taleh Kazımovun iqtisadçı ekspertlərlə mütəmadi görüşlərində də bu məsələ hər dəfə qaldırılır. Digər mühüm amil manat depozitlərinin daha cəlbedici olmasıdır. Hazırda banklarda manatla yerləşdirilən əmanətlər üzrə faizlərin daha yüksək olması əhalinin dollarlaşmaya marağını azaldır. Manatla qoyulmuş depozitlər yüksək faizlərlə qəbul edilir”.
İqtisadçının sözlərinə görə, ölkəyə daxil olan yüksək valyuta axınları, xüsusilə Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilən valyuta satışları bazarda tarazlığı təmin edərək, məzənnə sabitliyini dəstəkləyir:
“Hesab edirəm ki, bu sabitliyin davamlı olması üçün ilk növbədə valyuta ehtiyatlarının yüksək səviyyədə saxlanılması, fiskal və monetar intizamın qorunması, həmçinin qeyri-neft sektorunun inkişaf etdirilməsi vacibdir. İxracın şaxələndirilməsi uzunmüddətli dövrdə manatın dayanıqlığını təmin edən əsas faktorlardan biridir. Mövcud dinamika onu göstərir ki, hazırda Azərbaycanda milli valyutaya etimad yüksək səviyyədədir. Bu etimadın qorunması iqtisadi siyasətin əsas prioritetlərindən biri olaraq qalmalıdır”.
Aybəniz Səfərova