Xalid Kərimli: “ABŞ xilas yolunu süni intellekt və robototexnikada görür”

ABŞ idxalı sıxır, miqrantları qovur, amma bazar dirçəlmir

İlon Mask deyib ki, ABŞ-ni müflislikdən süni intellekt texnologiyaları və robotların xials edəcəyini bildirib. ABŞ şirkətləri 2026-cı ilin yanvar ayında 108 mindən çox əməkdaşını işdən çıxarıb. Bu, 2009-cu ildən bəri ən yüksək səviyyədir.

 İxtisarlarla bağlı planların əksəriyyəti hələ 2025-ci ilin sonuna qədər hazırlanıb. Qeyd olunur ki, işdən çıxarmaların sayı ötən ilin yanvarı ilə müqayisədə 118 faiz artıb. Kütləvi ixtisarların əsas səbəbləri kimi ölkədəki iqtisadi vəziyyət, şirkətlərin müqavilələri itirməsi və ABŞ-ın iri korporasiyalarında aparılan restrukturizasiya göstərilir. Amerikalı sahibkar İlon Mask da ABŞ-ın qaçılmaz olaraq müflislik riski ilə üzləşdiyini deyir və bildirir ki, ölkəni bu vəziyyətdən yalnız süni intellekt texnologiyaları və robotlar xilas edə bilər. “Bir ölkə olaraq süni intellekt və robotlar olmadan 1000 faiz ehtimalla müflis olacağıq və uğursuzluğa düçar olacağıq. Dövlət borcu problemini başqa heç nə həll edə bilməz”, – deyə Mask vurğulayıb. Onun sözlərinə görə, ABŞ-ın dövlət borcu “ağılasığmaz sürətlə artır”. Sahibkarın fikrincə, məhz bu texnologiyalar gələcəkdə dövlət borcu probleminin həllinə kömək edə bilər.

İqtisadçı Xalid Kərimli “Sherg.az”a açıqlamasında ABŞ iqtisadiyyatının hazırkı durumunun həqiqətən də ağır olduğunu dedi: 

- İ.Maskın dedikləri həqiqətdir. ABŞ-də yerli istehsal, yerli bazar çökür. Güclü olan texnoloji sektordur, süni intellekt də daxil olmaqla, xidmət və maliyyə sektorudur. Bu sektorlar sürətlə inkişaf edir. Amma yerli istehsal yoxdur. D.Tramp da Maskın olduğu komandanın üzvüdür. Ətrafında bu cür fikirləşən insanlar var. Onların konsepsiyası qlobalizasiyadan yerli bazarlara qayıtmaq, yerli bazarı qorumaqdır. Proteksionizmdir. Proteksionizm iqtisadi siyasətin bir növüdür ki, dövlətin yerli istehsalçıları xarici rəqabətdən qorumaq üçün idxala yüksək gömrük rüsumları, kvotalar və digər məhdudiyyətlər tətbiq etməklə yerli istehsalı təşviq və inkişaf etdirmək məqsədi daşıyır. Bu siyasətin əsas məqsədi daxili bazarı qorumaq, milli sənayeni stimullaşdırmaq və xarici ticarətdə asılılığı azaltmaqdır. Amma ABŞ iqtisadiyyatda proteksionizmə üstünlük versə də, idxala yüksək tariflər tətbiq etməklə müəyyən etməklə yerli bazarı inkişaf etdirmək istəsələr də, əks addımlar da atırlar. Məsələn, miqrantları qovur, miqrantların ölkəyə gəlməsinin qarşısını alır. Məqsədləri yerli bazarı inkişaf etdirməkdir, amma bunu süni intellektlə etməyi planlaşdırırlar. Çünki, fikirləşirlər, nə qədər çalışsalar da, yerli istehsal yenə də qeyri-rəqabət qabiliyyətli olacaq. Onların ambisiyalarına, iddialarına uyğun gələn iqtisadiyyat ancaq robototexnika, süni intelelktin sayəsində mümkün oal bilər. Çalışırlar bu istiqamətdə sürətli inkişaf esinlər, iqtisadiyyatı dirçəldib, nəhəng xarici borclarını ödəsinlər.