Xalid Kərimli: Quru sərhədlərin bağlı qalması vətəndaşları və sahibkarları sıxır

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb.

Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun yarada biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiqi davam etdiriləcək.

Qərara görə, xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 iyul saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl qüvvədə olan qərara əsasən, xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək olan dövrü əhatə edirdi. Yeni qərarla karantin rejiminin tətbiqi daha üç ay müddətinə uzadılmış oldu.

İqtisadçı Xalid Kərimli Sherg.az-a açıqlamasında bildirib ki, xüsusi karantin rejiminin uzadılması həm vətəndaşların gündəlik həyatına, həm də ölkə iqtisadiyyatına müəyyən təsirlər göstərir:

“Quru sərhədlərin bağlı qalması vətəndaşların hərəkət imkanlarını məhdudlaşdırır. İnsanlar qonşu ölkələrə səfər etmək üçün məcburən təyyarə nəqliyyatından istifadə etməli olurlar. Bu isə həm əlavə maliyyə xərclərinə, həm də vaxt itkisinə səbəb olur. Xüsusilə tez-tez səfər edən şəxslər üçün bu vəziyyət daha çox çətinlik yaradır. Digər tərəfdən, quru sərhədlərin bağlı qalması sərhədyanı ticarətə də ciddi təsir göstərir. Bu istiqamətdə fəaliyyət göstərən kiçik və orta sahibkarların dövriyyəsi azalır, bəzi hallarda isə fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalırlar. Nəticədə həm yerli iqtisadi aktivlik zəifləyir, həm də vətəndaşlar üçün əlavə sosial-iqtisadi yük formalaşır. Bundan əlavə, bu vəziyyət turizm sektorunun inkişafına da mənfi təsir göstərir. Quru sərhədlər vasitəsilə ölkəyə gələn turistlərin sayının azalması regionlarda turizm xidmətlərinə olan tələbatı aşağı salır və bu sahədə çalışan sahibkarların gəlirlərinə təsir edir”.