Yanvarda vergi mərkəzlərinə 62 min vətəndaş müraciət etdi - 106 min xidmət göstərildi

Bu ilin yanvar ayında Azərbaycanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 62 331 şəxs qəbul edilib və onlara 106 239 sayda xidmət göstərilib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, ümumi elektron xidmətlərin 59,7 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

- "ASAN İmza" sertifikatlarının verilməsi;

- Vergi ödəyicilərinə arayışların verilməsi;

- Vergi ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi;

- Fiziki şəxslərin uçota alınması və yenidən uçota alınması;

- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);

- Fiziki şəxslərin uçotdan çıxarılması.

Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 2,9 minə yaxın sayda yazılı müraciət cavablandırılıb, 6,4 milyondan çox sayda məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.

Dövr ərzində 691 vergi ödəyicisinin iştirakı ilə 40 görüş keçirilib, 494 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 243 mindən çox SMS göndərilib.