Bənövşəyi rəng həyatına işləyib - FOTO

Qadın, evindəki bütün əşyaları da bənövşəyi tonlarda dəyişib
Bursada yaşayan Firdevs Çakarın bənövşəyi rəng sevgisi artıq bir həyat tərzinə çevrilib. Ev açarından tutmuş makiyajına, hətta avtomobilinə qədər hər şeyi bənövşəyi rəngə boyayan Çakar, qəhvəyi rəngdə aldığı maşınını 400 min lirə xərcləyərək başdan-ayağa bənövşəyi rəngə çevirib. “Əlim başqa rəngə getmir” - deyən Çakarın bu rəng həvəsi qısa müddətdə sosial mediada gündəm olub.
Sherg.az xəbər verir ki, 40 yaşlı Firdevs Çakar 10 il əvvəl bənövşəyi rəngə qarşı böyük maraq hiss etməyə başlayıb. Əvvəlcə geyim və aksessuarlarında bu rəngi seçən qadın, sonradan evindəki bütün əşyaları da bənövşəyi tonlarda dəyişib, ev açarı, əl dəsmalı, saatı, çantası, hətta makiyajında belə bənövşəyi rənglər üstünlük təşkil edir.
Ən son aldığı avtomobilini də qəhvəyi rəngdən bənövşəyi rəngə dəyişdirən Çakar, təkcə maşının xarici görünüşünü deyil, daxilini də bənövşəyi aksessuarlarla bəzəyib.
Çakar avtomobilinin daxili və xarici hissələrinə ümumilikdə 400 min lirə xərcləyib. Modifikasiya sərgilərində dəfələrlə mükafat qazanan qadın bu barədə belə deyib:
“Bənövşəyi rəng həyatımın bir hissəsinə çevrilib. Hər yerdə bu rəngi görmək istəyirəm. Yeni aldığım avtomobili salondan çıxaran kimi bənövşəyi rəngə bürüdüm. Təxminən 400 min lirə xərc çəkmişəm və hələ də xərcləməyə davam edəcəyəm.”
Firdevs Çakar deyir ki, artıq 10 ildir həyatının hər detalında bu rəngi görməyə öyrəşib:
“Bir gün fərqli rəng geyinsəm, dostlarım təəccüblənirlər. Əvvəllər butik işlədirdim, orada da bənövşəyi rəngdən istifadə edirdim. O qədər öyrəşmişəm ki, əlim bənövşəydən başqa rəngə getmir.”
Bənövşəyi rəng sevgisini həm evinə, həm geyiminə, həm də avtomobilinə yansıdan Firdevs Çakarın bu rəngə olan bağlılığı, Türkiyə mediasında və sosial şəbəkələrdə maraqla qarşılanıb.
Turan