Avstriyalı rəssam Kustav Klimtin “Elisabeth Lederer Portreti” adlı əsəri ABŞ-nin Nyu-York şəhərində keçirilən hərracda rekord qiymətə alıcı tapdı.
Sherg.az “The Guardian”a istinadən xəbər verir ki, 1914-1916-cı illərdə yaradılan və təxminən 1,8 metr uzunluğunda olan tablo Sothebys hərrac evində satışa çıxarılıb. Lederer Çin üslublu kaftan içində təsvir olunub. Hərrac cəmi 20 dəqiqə ərzində tamamlanıb və Klimtin “Elisabeth Lederer Portreti” üçün son təklif 236,4 milyon dollar olub. Beləliklə, tablo müasir sənət kateqoriyasında hərracda satılan ən bahalı əsər ünvanını qazanıb. Hərracı təşkil edən Sothebys alıcının kimliyini açıqlamayıb.