Kiprin Larnaka şəhəri 2030-cu il üçün “Avropanın Mədəniyyət Paytaxtı” titulunu qazanaraq Limassolu geridə qoyub. Qərar Avropa Komissiyasının ekspertlər paneli tərəfindən təsdiqlənib və şəhərin mədəniyyət həyatında dönüş nöqtəsi kimi qiymətləndirilir.
Sherg.az ''Euronews''a istinadən xəbər verir ki, Larnaka Pafos şəhərindən sonra bu titulu alan ikinci Kipr şəhəri olacaq. Şəhər öz layihəsində “ümumi zəmin” ideyasını ön plana çəkərək, fiziki, mənəvi və emosional sahələrdə birlik, həssaslıq və qayğı dəyərlərini mərkəzə gətirməyi hədəfləyir.
Avropa Komissiyasının “Yaradıcı Avropa” proqramı çərçivəsində Larnaka “Melina Mercouri” mükafatına layiq görüləcək. Mükafat 1,5 milyon avro dəyərindədir və şəhərin mədəniyyət layihələrinin həyata keçirilməsinə dəstək verəcək.
2030-cu ildə Larnaka bu titulu Belçikanın Leuven və Monteneqronun Nikşiç şəhərləri ilə paylaşacaq.