Luvrda təhlükəsizlik sisteminin geniş miqyasda yenilənməsinə start verilib

Luvr muzeyi oktyabrın 19-da baş vermiş qarətdən sonra öz təhlükəsizlik sisteminin irimiqyaslı modernləşdirilməsinə başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "İzvestiya" yazıb.

Bildirilir ki, muzey barbarlığa qarşı əngəllər sistemi yaradacaq, girişə nəzarət sistemini yeniləyəcək, videomüşahidə kameralarının sayını ən azı iki dəfə artıracaq və texnoloji infrastrukturu tamamilə yenidən quracaq. Qurumun strukturunda yeni vəzifə - təhlükəsizlik üzrə əlaqələndirici vəzifəsi təsis ediləcək ki, o da birbaşa muzey direktoruna hesabat verəcək.

Ekspertlər qeyd edirlər ki, bu tədbirlərin vaxtı çoxdan çatıb. Belə ki, bir gün ərzində iki qarətin (Luvr və Deni Didro muzeyi) törədilməsi mədəni irsin qorunması sahəsində ciddi sistem problemlərini üzə çıxarıb. Lakin modernləşdirmə prosesinin başlanmasına baxmayaraq, real dəyişikliklər yalnız 2025-ci ilin dekabrında işləməyə başlayacaq.

Nəzarətin sərtləşdirilməsinin ilkin nəticələri artıq hiss olunur. Luvra giriş növbəsi təxminən bir saata qədər uzanıb, ziyarətçilərin çantaları diqqətlə yoxlanılır. Buna baxmayaraq, kameraların çatışmazlığı hələ də hiss olunur, zalların bir hissəsi isə ziyarət üçün bağlıdır.