Avstraliyada 20 ildən sonra yeni arı növü aşkarlanıb. Şeytanı xatırladan buynuzlara malik bu arı növünə “Megachile lucifer” adı verilib.
Sherg.az xəbər verir ki, Curtin Universitetinin tədqiqatçıları tərəfindən Qərbi Avstraliyada tapılan növ, elmi dairələrdə böyük maraq doğurub. Universitetin Molekulyar və Həyat Elmləri fakültəsinin alimi Kit Prenderqast 2019-cu ildə nəsli tükənmək təhlükəsində olan bir yabanı çiçəyi araşdırarkən arını təsadüfən kəşf etdiyini bildirib.
Prenderqast, “Dişi arının üzündə çox kiçik buynuzlar var idi. Görünüşü tamamilə şeytani idi,” deyib. Netflix-in “Lucifer” serialının pərəstişkarı olan alim, bu səbəbdən arıya “Lucifer” adını verdiyini açıqlayıb.
O, həmçinin 20 ildən artıq müddətdə bu qrupa aid yeni bir növün müəyyən edilmədiyini vurğulayaraq, “Bu, hələ də kəşf olunmağı gözləyən saysız-hesabsız canlıların olduğunu göstərir,” ifadəsini işlədib.
Prenderqastın sözlərinə görə, xüsusilə mədənçilik fəaliyyətlərinin aparıldığı bölgələrdə hələ tanımlanmamış bir çox yerli növün mövcud ola biləcəyi ehtimalı var. Alim, “Mədən şirkətləri yerli arılar üçün lazımi ekoloji müşahidələri aparmadığından, bəlkə də bir çox vacib növləri fərqinə varmadan itiririk,” deyib.
Qeyd edək ki, dünyada çiçəkli bitkilərin əksəriyyəti tozlandırıcı canlılara - xüsusilə arılara bağlıdır. Lakin yaşayış mühitinin azalması və iqlim dəyişikliyi bu həyati növləri məhv olma təhlükəsi ilə üz-üzə qoyur.