Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı

Mərhum türkiyəli sənətçi Barış Mançonun varisləri onun bütün əsərlərinin hüquqlarının geri qaytarılması və illərdir əldə olunan rəqəmsal gəlirlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediblər.

Sherg.az xəbər verir ki, sənətçinin həyat yoldaşı Lale Manço, oğulları Doğukan və Batıkan Manço Emre Grafson Müzik şirkətinə qarşı iddia qaldırıblar.

Ailənin vəkili Abdi Bişar Alınak bildirib ki, Barış Mançonun əsərlərinin qorunması məqsədilə vaxtilə şirkətə müəyyən səlahiyyətlər verilsə də, sonradan müəllif hüquqlarından əldə olunan, xüsusilə rəqəmsal platformalardakı gəlirlərin şirkət tərəfindən mənimsənildiyi iddia olunur.

İddia ərizəsində Barış Mançoya məxsus bütün əsərlərin hüquqlarının ailəyə qaytarılması, həmçinin şirkətin 2003-cü ildən bu günədək həmin əsərlərdən əldə etdiyi gəlirlərin təzminat kimi ödənilməsi tələb edilir.