Fevralın 13-də Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində keçirilən 7-dən 77-yə “Müziğin Barışı, Barışın Müziği” anma proqramına gələn insanların çoxu tədbirə daxil ola bilməyib.
Sherg.az xəbər verir ki, tədbir üçün qapılar planlaşdırılandan gec açılıb və açıldıqdan sonra da çox sayda insan içəri buraxılmayıb. Səlahiyyətli şəxslər iştirakçıları bir qapıdan digərinə yönləndirib. Mətbuat nümayəndələri və dəvət olunan qonaqlar da tədbirə daxil olmaq imkanından məhrum olublar.
İnsanlar vəziyyətə etiraz olaraq qapıları döyüblər və səs-küy yaradıblar, təşkilatçıların üzr istəməklərini tələb ediblər. Lakin təşkilatçılar heç bir tədbir görməyiblər. Səbəb kimi yerin olmadığını iddia ediblər. Tədbirə gələnlər arasında narazılıq davam edir.
Ən son aldığımız məlumata görə, Yunus Emre Azərbaycan koordinatoru Gökhan Seyhan insanlardan üzr istəyərək tədbirin yenidən keçiriləcəyinə söz verib. O bildirib ki, əlavə məlumat veriləcək. Həmçinin qeyd edib ki, tədbirə daxil ola bilməyən hər bir iştirakçı Yunus Emre İnstitutu Bakı nümayəndəliyinin instaqram hesabına yazsın ki, növbəti tədbirdə iştirak edə bilsin.