Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy Ani qədim şəhər yerindəki Səlcuq qəbiristanlığında üzərində kufi xəttatlığı ilə “Hz. Məhəmməd” adının altı dəfə təkrarlandığı bəzəkli daşın tapıldığını açıqlayıb.
Sherg.az xəbər verir ki, nazir Ersoy sosial media hesabında paylaşım edərək UNESCO-nun Dünya Mədəni İrs Siyahısında yer alan Ani qədim şəhər ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən əsər barədə məlumat verib.
Ersoy bildirib:
“Mövlud gecəsinin mənəvi ab-havasını yaşadığımız bu müqəddəs gecədə Sultan Alp Arslanın 1064-cü ildəki fəthi ilə Anadoluda Türk-İslam tarixinin qapısını açan Anidə nadir bir əsəri üzə çıxardıq. 2021-ci ildən qazıntı işlərini davam etdirdiyimiz Səlcuq qəbiristanlığında üzərində kufi xətti ilə "Hz. Məhəmməd" adının altı dəfə təkrarlandığı bəzəkli daş tapdıq.
Mərkəzində səkkizguşəli ulduz formasında motiv olan daşın ətrafındakı yazı zolağında "Hz. Məhəmməd" adı üç dəfə görünür. Səlcuq kümbətinə aid olduğu düşünülən bu əsər əcdadlarımızın Peyğəmbərimiz Hz. Məhəmmədə bəslədiyi dərin məhəbbətin əsrlərdir daş üzərində yaşayan nişanəsidir”.
Nazir bu münasibətlə Türkiyə xalqını və İslam dünyasını Mevlid gecəsi münasibətilə təbrik edib, müqəddəs gecənin bütün bəşəriyyətə sülh, əmin-amanlıq və mərhəmət gətirməsini arzulayıb.
Əsər Aninin Türk-İslam kimliyini əks etdirir
Nazirliyin məlumatına görə, arxeoloji qazıntılar zamanı tapılan bəzəkli daşın ölçüləri 51x21 santimetrdir.
Qabartma üsulu ilə hazırlanmış daşda səkkizguşəli ulduzun ətrafında kufi xətti ilə “Hz. Məhəmməd” adı altı dəfə təkrarlanır. Əsərin yalnız yarısı günümüzə çatdığı üçün hazırda bu adlardan üçü görünür.
Qəbiristanlıqdakı Səlcuq kümbətlərindən birinə aid memarlıq elementi olduğu ehtimal edilən daş Aninin Türk-İslam kimliyini, dövrün dini dünyagörüşünü və qəbiristanlıq mədəniyyətini əks etdirən mühüm arxeoloji sənəd hesab olunur.
Anadolunun ilk Türk-İslam qəbiristanlığı
Sultan Alp Arslanın 1064-cü ildəki fəthi ilə türklərin Anadoluya giriş qapılarından birinə çevrilən Ani, Anadolu Türk-İslam tarixinin başlanğıc nöqtələrindən biri hesab edilir.
Qazıntılar zamanı əldə edilən məlumatlar Anidəki Səlcuq qəbiristanlığının Anadolunun ilk Türk-İslam qəbiristanlığı və ilk Türk şəhidliyi olduğunu göstərir.
Ani ilk fəth məscidi, ilk məscid və ilk namazgah kimi tarixi tikililəri ilə də Anadolu Türk-İslam sivilizasiyası baxımından xüsusi əhəmiyyət daşıyır.
Oxşar bəzək üslublarına 1191-ci ilə aid Tərçandakı Mama Xatun Kümbəzində, 1224-cü il tarixli Malatya Ulu məscidində, Beyşehirdəki Eşrəfoğlu məscidində və Konyadakı Tahir ilə Zöhrə məscidində də rast gəlinir.