Hər şey 59 il əvvəl başladı - Onun evinə girən çıxmaq istəmir

"Bir var kitab oxumaq, bir də var kitabı oxumaq"

Türkiyənin Kocaeli şəhərində yaşayan Maksut Bayazıt, 59 il əvvəl aldığı bir jurnal ilə başlayan oxuma vərdişini illər ərzində inkişaf etdirərək evinin bir hissəsini təxminən 15 min əsərlik kitabxanaya çevirib.

Sherg.az xəbər verir ki, Maarifləndirici nəşrlərə olan maraqla başladığı oxu yolunu davam etdirən, 4 uşaq və 9 nəvəsi olan 74 yaşlı Bayazıt zaman keçdikcə müxtəlif janrlarda əsərlər toplayıb.

Başiskele rayonundakı evinin bir hissəsini 2004-cü ildə kitabxanaya çevirən Bayazıt, illər ərzində kolleksiyasını genişləndirərək təxminən 15 min əsərə çatdırıb.

Səhərini səhər yeməyindən əvvəl kitab oxumaqla başlayan Bayazıt gün ərzində orta hesabla 3-4 saatını mütaliəyə ayırır.

Kitabxanasına dincəlmək üçün çarpayı da yerləşdirən Bayazıt burada kitablarla iç-içə bir həyat yaşayır.

Oxumağı həyatının ayrılmaz hissəsinə çevirən Bayazıt bu vərdişi ətrafına da aşılamağa çalışır, evinə gələn uşaqlara kitab hədiyyə edərək onları oxumağa təşviq edir.

“2013-dən bəri kitab yarmarkalarının daimi iştirakçısıyam”

Maksut Bayazıt bildirib ki, kitablara marağı hələ kiçik yaşlarından başlayıb və 1967-ci ildə “Bilim və Texnika” jurnalının ilk sayını alıb.

Jurnalı almağa davam etdiyini deyən Bayazıt qeyd edib ki, bir vaxtlar 17 aylıq jurnalın abunəçisi olub.

Oxu sevgisi sayəsində evinin bir hissəsində kitabxana yaratdığını bildirən Bayazıt deyib:

“Kitabxanada yer qalmadığı üçün bəzi kitab və jurnalları qutularda saxlayıram. Burada 1967-ci ildən bəri oxuduğum bütün kitablar var. Əvvəllər Derincedə yaşayırdım, buraya köçməyimdən 22 il keçir. 17 avqust zəlzələsində kitablığım dağıldı. Heç nəyi yox, kitablığımı düşündüm. İlk olaraq onu bərpa etdim. Buraya köçəndən sonra kitab sevgim daha da artdı. 2013-dən bəri kitab yarmarkalarının daimi iştirakçısıyam. Hər gün yarmarkada oluram. Səhər yuxudan qalxanda əlimə kitab alıram, səhər yeməyindən əvvəl bir neçə səhifə oxuyuram.”

Təqaüdünün böyük hissəsini kitablara xərclədiyini deyən Bayazıt kitabxanasını daha da böyütmək istədiyini bildirib.

Kitabxanadakı çarpayı barədə isə belə deyib:

“Kitab oxuyarkən beyin yorulur. O anda 10-15 dəqiqə gözləri dincəltmək insanı yenidən gümrah edir. Buna görə burada uzanıram. Çarpayını götürmək istəmirəm, rahatdır. Əslində yer azlığına görə götürməyi düşünürəm, amma baxarıq.”

Nəvələrinin kitabxananı çox sevdiyini deyən Bayazıt əlavə edib:

“Nəvələr kitabxanadan çıxmaq istəmirlər. Bəzən bir az qarışdırırlar, onlara nizamı pozmamalarını deyirəm. Uşaqların dostları da gəlir. "Maksut baba, bizə kitab verəcəksən?" deyirlər. Uşaqlara hədiyyə etmək üçün aldığım kitab və jurnallar var. Heç kəsi əliboş qaytarmıram. Hər uşağa mütləq bir kitab verirəm. Nəvələrimin hamısının evində kitab rəfi var. Onlara buradan kitab verirəm və ya nəşriyyatlardan alıram. Bu sevgini demək olar ki, qazanıblar.”

“Kitab oxumağı hər kəsə tövsiyə edirəm”

Oxuma vərdişi sayəsində geniş bilik əldə etdiyini və ətrafındakı insanların müxtəlif mövzularda ona müraciət etdiyini deyən Bayazıt bildirib:

“5-6 il əvvəl deyə bilirdim ki, kitablarımın 100 faizini oxumuşam. Amma son 5 ildə aldığım yeni kitablarla say artdığı üçün bu göstərici 80 faizə düşüb. Kitablarımın çoxu mənbə xarakterlidir. Eləsi var ki, bəlkə 10 dəfə oxumuşam. Kitab oxumağı hər kəsə tövsiyə edirəm. Bir var kitab oxumaq, bir də var kitabı oxumaq. Mən kitabı oxumağı tövsiyə edirəm. Sadəcə oxuyub keçmək başqa şeydir, kitabı anlayaraq oxumaq isə qalıcı olur.”