İzmirdə Azərbaycan səsi yüksəlir: Gənc xanəndədən böyük missiya

Qardaş Türkiyənin İzmir Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi "Dünya Türk Dili Ailəsi Günü"ndə Azərbaycan musiqisi də səslənib. Xanəndə Kənan Hüseynovun ifasında Azərbaycan muğamı böyük coşqu ilə qarşılanıb.

Bu barədə “Sherg.az”a danışan Kənan Hüseynov bu beynəlxalq Gənclik və Mədəniyyət bayramında Azərbaycan musiqisini təmsil etməkdən qürur duyub. K.Hüseynov qeyd etdi ki, musiqi və xanəndəlik yolu milli musiqi irsimizə olan böyük sevgisindən və daxili ifaçılıq istedadından başlayıb: 

- Hələ uşaq yaşlarımdan muğam sənətinə və xalq mahnılarına olan dərin həvəsim məni peşəkar təhsilə yönəldib. Azərbaycanın ən nüfuzlu musiqi ocaqlarından biri olan Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olub, respublikanın əməkdar artisti Nuriyyə Hüseynovanın sinfində peşəkar vokal və xanəndəlik dərsləri aldım və bu məktəbin məzunu oldum. Peşəkar səhnə fəaliyyətim dövründə xanəndəlik sənəti üzrə ilk ciddi addımlarımdan birini 2018-ci ildə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında keçirilən konsert proqramında çıxış edərək atdım. Bunun ardınca, sənət fəaliyyətimin ən qürurverici səhifələrindən biri, Azərbaycan professional vokal sənətinin banisi, dahi sənətkarımız Bülbülün 120 illik yubileyi münasibətilə keçirilən tədbirlər çərçivəsində Bülbülün Ev-Muzeyində solo konsert proqramı ilə çıxış etməyim oldu. Təhsil illərim boyu, eyni zamanda, bir çox beynəlxalq müsabiqələrin iştirakçısı oldum. 2022-ci ilin sonlarından etibarən fəaliyyətimi Türkiyənin İzmir şəhərində davam etdirərək, Azərbaycanın zəngin xalq mahnılarını və milli musiqisini qardaş ölkədə gənc bir xanəndə kimi beynəlxalq auditoriyalara təqdim etməyə başladım. İzmirdəki fəaliyyətim dövründə bir çox mötəbər dövlət layihələrində və platformalarda ölkəmizi uğurla təmsil etmişəm. İzmir Böyükşəhər bələdiyyə sədri Dr. Cemil Tugayın və rəsmi qonaqların iştirakı ilə keçirilən "Dünya Türk Dili Ailəsi Günü" tədbirində Azərbaycan musiqisini təmsil edərək solo ifalarımla çıxış etmişəm. TÜRKSOY və İzmir Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə İzmir Kültürparkda keçirilən 21 mart – Beynəlxalq Novruz Bayramı festivalında Azərbaycanı təmsil edən gənc sənətçi kimi müstəqil solo çıxış etdim. Tanınmış sənətçi Çinarə Məlikzadənin də öz solo proqramı ilə qatıldığı bu genişmiqyaslı beynəlxalq tədbirin rəsmi səhnəsində səsləndirdiyim milli musiqimiz minlərlə izləyici önündə böyük uğur qazandı. Dokuz Eylül Universitetində keçirilən Beynəlxalq Tələbə Günündə (Uluslararası Öğrenci Günü) dünyanın müxtəlif ölkələrindən gələn çoxmədəniyyətli auditoriya önündə Azərbaycan xalq mahnılarını böyük fəxrlə tərənnüm etdim. Dokuz Eylül Universiteti və İzmir Azərbaycan Dərnəyinin (İZAZDER) birgə təşkilatçılığı ilə rektorluğun rəsmi salonunda keçirilən Azərbaycanın Müstəqilliyinin 106-cı ildönümü tədbirində solo ifaçı olaraq səhnə aldım. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfirinin, hər iki ölkənin dövlət rəsmilərinin, həmçinin aparıcı Azərbaycan və Türkiyə iş adamlarının, nüfuzlu sahibkarların iştirak etdiyi bu yüksək səviyyəli dövlət protokollarında və mötəbər tədbirlərdə səsləndirdiyim solo Azərbaycan xalq mahnıları qonaqlar tərəfindən hər zaman böyük rəğbət, heyranlıq və coşğu ilə qarşılanıb. 

K.Hüseynov bildirdi ki, gənc ifaçı və xanəndə olaraq gələcək planları təkcə milli musiqimizi yaşatmaqla məhdudlaşmır, həm də onun sərhədlərini genişləndirməyi hədəfləyir: 

- İzmirdəki və ümumilikdə Türkiyədə fəaliyyət göstərən Azərbaycan sənətçisi kimi, əsas məqsədim hər iki qardaş dövlətin zəngin xalq musiqilərini və ifaçılıq ənənələrini ortaq bir nöqtədə birləşdirməkdir. Bu çərçivədə, Azərbaycan və Türkiyə musiqi mədəniyyətinin sintezindən ibarət müasir, yenilikçi və genişmiqyaslı layihələr yaratmağı, hər iki ölkənin ruhunu daşıyan yeni mahnılar səsləndirməyi planlaşdırıram. Bu addımlarla iki qardaş xalqın mədəni bağlarını musiqi vasitəsilə daha da gücləndirmək və gənc nəslə bu ortaq irsi müasir formatda sevdirmək ən böyük yaradıcılıq hədəfimdir.