Mehriban xanmın müraciəti məni dərindən məyus etdi - Şahbaz Xuduoğlu

  • Ölkənin tanınmış sənət adamlarından biri öz dərdini bu şəkildə dilə gətirmək məcburiyyətində qalıb

Əməkdar artist Mehriban Xanlarovanın cənab Prezident İlham Əliyevə video-müraciəti ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Onu təqdir edənlərlə yanaşı, tənqid edənlər də var. Bəzisi hesab edir ki, M.Xanlarova bir müddət əvvəl kənarlaşdırıldığı Azərbaycan Akademik Milli Dram Teatrına yenidən işə qəbul olunmaq üçün müraciət etməməliydi. Çünki “...faktiki olaraq Mehriban xanım özü öz istəyi və ərizəsi ilə işdən çıxıb.

Sonra çatana çatıb, çatmayana daş atıb. İndi isə söydüyü insanlara və qurumlara deyir ki onu işə qaytarsınlar. Kim qaytarar? Hec kim qaytarmaz. Fərq eləmir, söydüyü adamları düz söyüb, ya səhv. Heç kim onu söyəni işə qaytarmaz, istəyir yaxşı insan olsun, istəyir pis. Allah köməyi olsun, ancaq belə etməməliydi. Özunu yandırdı”. Amma M.Xanlarovaya haqq qazandıranlar onun Milli Dram Teatrına təkrar işə qəbul edilməli olduğunu deyir və Mədəniyyət Nazirliyinin bu məsələdə sükutunu tənqid edirlər.  

“Qanun” Nəşriyyatının direktoru, ictimai xadim Şahbaz Xuduoğlu “Sherg.az”a açıqlamasında bildirdi ki, məsələnin hüquqi tərəfinə bələd olmadğından konkret fikir bildirmək çətindir. Amma: 

- Mehriban xanmın müraciəti dinləmişəm və bir məqam məni dərindən məyus edir. Ölkənin tanınmış sənət adamlarından biri öz dərdini bu şəkildə dilə gətirmək məcburiyyətində qalıb. Teatr sadəcə iş yeri deyil. Sənətkar üçün teatr ömrünün, xatirələrinin, uğurlarının, uğursuzluqlarının toplandığı məkandır. Oradan uzaqlaşdırılmaq və ya özünü orada artıq yad hiss etmək hər bir sənət adamı üçün ağır zərbədir. 

Ş.Xuduoğlu qeyd etdi ki, mədəniyyət sahəsində islahatlar vacibdir. İdarəetmə dəyişə bilər, rəhbərlər dəyişə bilər. Amma sənətkara münasibətdə həssaslıq dəyişməməlidir: 

- Bir xalq öz sənətkarlarına necə davranırsa, mədəniyyətinin səviyyəsi də onunla ölçülür. Sənətkar üçün teatr məbəddir. Məbədə hörmət etməyi bacarmayanlar isə onun dəyərini heç vaxt anlaya bilməzlər.