Rasim Balayevin yerinə Cəmil Quliyevin rəhbər olması daha məntiqlidir - Ziya Şıxlinski

"Milli Qəhrəman Hökumə Əliyevaya həsr olunmuş "Hökümə - kədərim mənim" adlı sənədli filminin təqdimat tarixi dəqiq bilinmir".

Bunu Teleqraf-a açıqlamasında filmin rejissoru, Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Ziya Şıxlinski deyib.

"Layihənin rəhbəri Rasim Balayev idi. Səhhətində problem yarandı, filmin təqdimat tarixini dəyişdik. Mən gözləyirdim ki, Rasim Balayev AzTV sədrinə zəng etsin və filmin televiziyada yayımlanması ilə bağlı məlumat versin.

Hökumə xanımın atası və qardaşı da zəng edib maraqlanırlar. On beş dəqiqəlik filmi Hava Yollarının (AZAL) yaranma tarixində və ya Hökumə Əliyevanın doğum günündə təqdim etməyi təklif edirəm. Hökumə Əliyevanın doğum tarixi avqustun 8-dədir. Qəribədir ki, layihənin rəhbəri Rasim Balayev də avqustun 8-də anadan olub", - Z.Şıxlinski deyib.

Kinematoqrafçılar İttifaqının katibi qurumda görmək istədiyi rəhbərdən də danışıb, vurğulayıb ki, Xalq artisti Şəfiqə Məmmədovanın bu postda fəaliyyətini arzulamır: "Rasim Balayevin 40 mərasimindən sonra İdarə Heyətinin yığıncağı olacaq. Müşahidəmə görə, çox adam Şəfiqə Məmmədovanın Kinematoqrafçılar İttifaqına rəhbər olmasını istəmir. Onun 82 yaşı var, aktyorluq fakültəsini bitirib. Düşünürəm ki, kino sahəsini bilən adam ittifaqa rəhbərlik etməlidir.

Cəmil Quliyev kinorejssor ixtisasını bitirib və bu sahəni peşəkar səviyyədə bilən adamdır. İnsanlarla ünsiyyət bacarığı var. Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin üzvüdür. Fikrimcə, Cəmil Quliyevin Kinematoqrafçılar İttifaqına rəhbərlik etməsi daha məntiqli və gərəkli olar".

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da İstanbul Memorial Xəstəxanasında vəfat edib.