Xalq şairi Mirvarid Dilbazinin vəfatının 25-ci ildönümü qeyd olunub

12 iyul 2026-cı il tarixində Azərbaycanın ilk qadın xalq şairi Mirvarid Dilbazinin vəfatının 25-ci ildönümü münasibətilə xalq şairinin məzarı ziyarət olundu. Anım mərasimi Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə keçirildi.

Tədbirdə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin rəhbəri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı, Qazax Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov, QXC İB-nin mətbuat katibi Səbinə Yusif, şair Zaməddin Ziyadoğlu, rəssam Qafar Sarıvəlli, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin üzvləri Tərxanım Musəyibqızı, Maya Omarova, Natiqə xanım və digər ziyalılar iştirak etdilər.

Əvvəlcə xalq şairinin məzarı önünə tər çiçəklər düzüldü, əziz xatirəsi ehtiramla yad edildi.

Tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin rəhbəri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı bildirdi ki, Mirvarid Dilbazi Azərbaycan poeziyasında qadın sözünün qüdrətini, ana məhəbbətini, Vətən sevgisini, milli-mənəvi dəyərləri və yüksək insani hissləri öz yaradıcılığında böyük sənətkarlıqla əks etdirən ölməz söz ustadıdır. O vurğuladı ki, Mirvarid Dilbazinin irsi bu gün də aktuallığını qoruyur, gənc nəslin milli ruhda formalaşmasına xidmət edir.

Güllü Eldar Tomarlı qeyd etdi ki, rəhbərlik etdiyi Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi artıq uzun illərdir xalq şairinin zəngin ədəbi irsinin yaşadılması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl layihələr həyata keçirir, poeziya gecələri, elmi-praktik konfranslar, kitab təqdimatları və anım tədbirləri təşkil edir. Onun sözlərinə görə, Mirvarid Dilbazinin adı yalnız Azərbaycan ədəbiyyatının deyil, milli-mədəni yaddaşımızın da ayrılmaz hissəsidir və bu irsin qorunması hər bir ziyalının mənəvi borcudur.

Daha sonra çıxış edən Qazax Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov Mirvarid Dilbazi ilə bağlı xatirələrini bölüşərək bildirdi ki, xalq şairinin şəxsiyyəti onun yaradıcılığı qədər zəngin, nəcib və işıqlı idi. O qeyd etdi ki, Mirvarid Dilbazi sadəliyi, səmimiyyəti, insanlara olan sevgisi və yüksək mənəvi keyfiyyətləri ilə hər zaman ətrafındakı insanların dərin hörmətini qazanmışdı.

Professor İlham Pirməmmədov vurğuladı ki, Mirvarid Dilbazinin yaradıcılığı Azərbaycan qadınının mənəvi ucalığını, ailə dəyərlərini, Vətən sevgisini və milli kimliyini ən yüksək poetik dillə ifadə edən əvəzsiz irsdir. O bildirdi ki, xalq şairinin əsərləri təkcə bir dövrün deyil, bütün zamanların poeziyasıdır və bu gün də öz oxucusunu düşündürür, duyğulandırır, mənəvi zənginliyə çağırır.

Professor həmçinin Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin xalq şairinin adını yaşatmaq istiqamətində gördüyü işləri yüksək qiymətləndirərək qeyd etdi ki, belə təşəbbüslər milli ədəbiyyatımızın və mədəniyyətimizin qorunması baxımından böyük əhəmiyyət daşıyır. O, gələcək nəsillərin Mirvarid Dilbazi irsini daha yaxından öyrənməsi üçün bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğuladı.

Tədbirdə çıxış edən QXC İB-nin mətbuat katibi Səbinə Yusif, şair Zaməddin Ziyadoğlu, rəssam Qafar Sarıvəlli, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin üzvləri Tərxanım Musəyibqızı, Maya Omarova, Natiqə Bayramova və digər iştirakçılar Mirvarid Dilbazinin Azərbaycan ədəbiyyatında əvəzsiz xidmətlərindən, zəngin yaradıcılığından və gənc nəslin milli-mənəvi tərbiyəsində oynadığı mühüm roldan bəhs etdilər.

Sonda xalq şairi Mirvarid Dilbazinin əziz ruhuna dualar oxundu, onun əziz xatirəsi bir daha dərin ehtiramla yad edilib.