“Əgər ortaq mübarizə apararsaq, türk xalqlarının arasına nifaq salmaq istəyənlər öz istəklərinə nail ola bilməyəcəklər”
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə Ankarada "Türk dövlətlərinin dezinformasiya ilə mübarizə üzrə Forumu" keçirilib. Forumun əsas məqsədi Türk dövlətləri arasında dezinformasiya ilə mübarizə sahəsində koordinasiyanın gücləndirilməsi, mövcud təcrübələrin paylaşılması, informasiya təhlükəsizliyinin təmin olunması və ortaq kommunikasiya yanaşmalarının formalaşdırılması olub. Açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov dezinformasiyaya qarşı dayanıqlı mübarizə modellərinin strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Ə.İsmayılov bildirib ki, dezinformasiyanın artan miqyası ölkələrin media ekosistemi və ictimai etimadı üçün ciddi təhdidlər yaradır. Bu təhlükələrə qarşı mübarizə yalnız peşəkar jurnalistika, media savadlılığının gücləndirilməsi və dövlətlərarası həmrəylik yolu ilə mümkündür. Həmçinin, qeyd olunub ki, Azərbaycan bu istiqamətdə həm milli səviyyədə ardıcıl tədbirlər həyata keçirir. Eyni zamanda Şuşa Qlobal Media Forumları və türk dövlətləri ilə birgə platformalar çərçivəsində təcrübə mübadiləsinə və əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Məlumat üçün deyək ki, 18-19 dekabr tarixlərində keçirilən Forumda önəmli mövzulara dair panel iclasları da təşkil olunub.
Siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında bildirib ki, Türk dünyasının bir çox sahələrlə yanaşı, dezinformasiya ilə mübarizə məsələsində də güclü və dərin əməkdaşlığına ehtiyac var. Ekspert vurğulayıb ki, bizə qarşı olanlar, türkün birliyini pozmaq istəyənlər türk xalqlarını bir-birinə qarşı qoymağa, aralarına nifaq toxumu səpməyə çalışırlar: "Forum Türkiyədə keçirildiyinə görə qardaş ölkədən misal gətirək. Beynəlxalq və regional səviyyəli müxtəlif hadisələr baş verdikdə Türkiyədə bir qrup şəxs, böyük bir şəbəkə Azərbaycanla Türkiyənin və ya Türkiyə ilə digər türk dövlətlərinin arasını vurmağa çalışır. Bəzən din və məzhəb üzərindən öz çirkin niyyətlərini həyata keçirirlər. Məqsəd Azərbaycan Türkiyə xalqını qarşı-qarşıya gətirmək, iki qardaş dövlətin arasını vurmaqdır. Bunu da dezinformasiya yaymaqla reallaşdırırlar. Qardaş Türkiyənin bu kimi halların qarşısını almaqda bir qədər gecikdiyini şəxsən özüm bir neçə dəfə dilə gətirmək məcburiyyətində qalmışam. O səbəbdən dezinformasiya ilə mübarizədə ortaq səylərin birləşdirilməsi vacibdir. Ankarada sözügedən Forumun keçirilməsini alqışlayıram və əməli addımların atılmasını gözləyirəm. Əgər ortaq mübarizə apararsaq, türk xalqlarının arasına nifaq salmaq istəyənlər öz istəklərinə nail ola bilməyəcəklər. Bundan savayı, türk dövlətlərinin, türk xalqlarının maraq və mənafelərinin beynəlxalq platformalarda ortaq şəkildə müdafiəsi də kifayət qədər önəmli məsələdir".