Azər Həsrət: Xarici media filiallarının qeydiyyatı şəffaflığı artıracaq

Qeydiyyat sayəsində informasiya mühitində nizam-intizam güclənəcək

Xarici media subyektlərinin filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması barədə 3 iş günü müddətində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə məlumat verilməlidir.

Nazirlər Kabineti bununla bağlı “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nda dəyişiklik edib. Sənəd Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinə əsasən, həmçinin 2025-ci il 14 iyul tarixli qanun dəyişikliklərinin qüvvəyə minməsi ilə əlaqədar qəbul edilib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sherg.az-a bildirib ki, xarici media subyektlərinin filial və nümayəndəliklərinin qeydiyyatı ilə bağlı yeni tələbin tətbiqi media sahəsində şəffaflığın və hesabatlılığın artırılması baxımından mühüm addımdır. Onun fikrincə, bu mexanizm ölkə daxilində fəaliyyət göstərən xarici media qurumlarının hüquqi statusunun daha aydın müəyyənləşdirilməsinə, eyni zamanda informasiya mühitində nizam-intizamın gücləndirilməsinə xidmət edəcək:

“Təcrübə göstərir ki, xarici media subyektləri bəzi hallarda media resursu adı altında başqa fəaliyyətlər həyata keçirir, Azərbaycana qarşı kampaniyalar üçün zəmin hazırlayırdılar. 

Bu kimi fəaliyyətlər isə bizim qanunvericiliklə ziddiyyət təşkil edir. Bir media resursunun informasiya yayarkən nələri nəzərə alması media haqqında qanunda öz əksini tapıb. Ölkəmizdə fəaliyyət göstərən yerli media resursları bu qanunu nəzərə alır, lakin indiyə qədər fəaliyyət göstərən xarici media resursları bunu nəzərə almadan işləyirdilər. Media Reyestrində qeydə alınmaq o deməkdir ki, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən xarici media subyektlərinin təmsilçiləri Azərbaycan Respublikası “Media haqqında” Qanunun tələblərinə əməl etməli olacaqlar. Sözügedən orqanlar bu tələbləri və prinsipləri pozduqları halda, Qanunda nəzərdə tutulmuş məsuliyyət tədbirləri ilə üzləşəcəklər. 3 iş günü ərzində məlumat verilməsi tələbi isə operativ nəzarət imkanlarını genişləndirir və mümkün hüquqi boşluqların qarşısını almağa kömək edir”.