Azərbaycan–Gürcüstan Media Forumunda panel sessiya keçirilib

Bakıda Azərbaycan–Gürcüstan Media Forumu çərçivəsində “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi” mövzusunda panel sessiya keçirilib.

Panelə Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov moderatorluq edib.

Panel iştirakçıları son illər Azərbaycan–Gürcüstan münasibətlərini və bütövlükdə region ölkələrini hədəf alan dezinformasiya kampaniyalarının sürətlə artdığını vurğulayıblar.

“Eurocracy – Former Europe” proqramının aparıcısı İoane Şaişmelaşvili bildirib ki, dezinformasiya hər il daha da dərinləşir və artıq “sərbəst” şəkildə, həddi aşmış formada yayılır. Onun sözlərinə görə, bu proseslə mübarizə üçün qanunvericiliyin sərtləşdirilməsinə ehtiyac var, çünki artıq təkcə ikinci-üçüncü dərəcəli ekspertlər deyil, bir çox kütləvi informasiya vasitəsi belə məsuliyyətsiz şəkildə yanlış məlumatlar yayır.

“Başqa yol qalmır, məsələnin mərkəzində milli təhlükəsizlik dayanır”, – o bildirib.

ARB 24 telekanalının icraçı direktoru Radik İsmayılov Azərbaycan və Gürcüstan media nümayəndələrinin birgə əməkdaşlığının dezinformasiya və manipulyativ məlumatlarla mübarizədə xüsusi önəm daşıdığını qeyd edib.

Medianın İnkişafı Agentliyinin Hüquq şöbəsinin rəhbəri Adil Tağıyev media fəaliyyətinin hüquqi tərəfləri, dezinformasiyanın hüquqi tənzimlənməsi və məsuliyyət mexanizmləri barədə məlumat verib.

Gürcüstan İctimai Televiziyasının “Rəngarəng Gürcüstan” layihəsinin rəhbəri, jurnalist Ramilə Əliyeva isə media mühitində süni intellektin artan rolundan danışıb. O qeyd edib ki, bu texnologiyanın inkişafı mediaya böyük fayda versə də, prosesin nəzarətdən çıxmaması üçün süni intellektin gələcəkdə lisenziyalaşdırılması və tənzimlənməsi vacibdir.

Ramilə Əliyeva vurğulayıb ki, media qurumları yalnız lisenziyalı və etibarlı süni intellekt alətlərindən istifadə etməlidirlər, çünki təqdim edilən məlumatın doğruluğuna zəmanət verilməsi jurnalistikanın əsas tələblərindəndir.

O, həmçinin süni intellektlə hazırlanan tərcümə və digər media məhsullarının mütləq insan nəzarətindən keçməli olduğunu qeyd edib. Paneldə texnoloji təkamülün media sektoruna təsiri, sosial medianın əsas informasiya mənbəyinə çevrilməsi, rəqəmsal platformalar vasitəsilə auditoriyalarla daha effektiv kommunikasiya və informasiya təhlükəsizliyinin qorunması kimi məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.