Etibar Babayevdən sonra Space TV böyük çətinliklərlə üzləşib - Nəmənd Rüstəmov

“Ondan sonra rəhbərliyə gələn digər kadrların əməyi bəhrə verməyib. Kanalda işləyən kadr olaraq oraya bəslədiyim ümidlər özünü doğrultmadı"

"Dolaşan bir sıra məlumatlara görə, işçilərin maaşı gecikdirilir. Bəlkə də, kanalda maliyyə pozuntuları aşkar edilib"

Sosial mediada və bir sıra xəbər portallarında illərin telekanalı olaraq fəaliyyət göstərən Space TV-nin bağlanacağına dair fikirlər dolaşır. 2023-cü ildən bəri kanalda direktor kimi çalışan Vado Korovinin vəzifədən ayrılması, Space TV-nin taleyi ilə bağlı ikili arqumentlərin yaranmasına gətirib çıxarıb.

Bəziləri kanalda daxili struktur dəyişikliklərinin baş verdiyini deyərkən, digər bir qisim maliyyə borclarını səbəb göstərir. Hətta Audiovizual Şura tərəfindən kanalda yoxlamaların aparıldığı bildirilir. 

Mövzu ilə əlaqədar jurnalist, media eskperti Nəmənd Rüstəmov Sherg.az-a bildirib ki, Space TV-də ciddi proseslər baş verir:

“Space özəl telekanaldır. Onun mülkiyyətçisi var. Həmin şəxsin qərarı olmadan kanalı yalnız ciddi maliyyə pozuntuları və verlişlərdə qeyri-etik davranış meyarlarına görə bağlamaq mümkündür. Audivizual Şura yayımçıların qanunvericiliyə əməl edib-etmədiyini yoxlayır. Space TV-də isə digər bağlanan verlişlərdəki kimi dırnaqrası hərəkətlər müşahidə etməmişik. İnsanları təəccübə gətirən də budur. Aidiyyəti orqanların və şirkətin rəsmi nümayəndələrinin konkret açıqlama verməməsi isə şübhələri artırır”. 

Jurnalistin sözlərinə görə, Etibar Babayev Space TV-nin rəhbərliyindən ayrıldıqdan sonra kanal maliyyə çətinlikləri ilə üzləşib:

“Ondan sonra rəhbərliyə gələn digər kadrların əməyi bəhrə verməyib. Kanalda işləyən kadr olaraq oraya bəslədiyim ümidlər özünü doğrultmadı. Dolaşan bir sıra məlumatlara görə, işçilərin maaşı gecikdirilir. Bəlkə də, kanalda maliyyə pozuntuları aşkar edilib. Əgər həqiqətən də maliyyə pozuntuları olsaydı, məsələyə Audivizual Şura yox, Dövlət Vergi Xidməti baxardı. Aidiyyatı orqanlar qısa müddət ərzində baş verən problemləri ictimaiyyətə çatdırmalıdır”. 

N.Rüstəmov vurğulayıb ki, Space televiziya tarixinin bir parçasıdır:

“Space televiziya sahəsində müstəsna rola malikdir. Kanal zamanla, çoxsaylı peşəkar kadrların fəaliyyət göstərdiyi televiziya məkanına çevrilib. Özüm də əvvəllər "Çardaq", "Açıq qapı" kimi bir sıra layihələrdə çalışmışam. Onun bağlanma ehtimalı arzuolunmazdır. Açığı, bir çox telekanalın varlığı ilə yoxluğu arasında fərq hiss olunmur. Hamısı bir-birinə oxşayan verlişlər verir. Bir çoxunun özünəməxsus üslubu yoxdur”. 

Ekspertin qənaətinə görə, dünya müstəvisində televiziya ilə bağlı qeyri-müəyyənlik hökm sürür: 

“Artıq televiziya ilə sosial platformalar rəqabət mühitindədir. Helə ki, televiziya uduzan tərəf kimi görünür. Televizyalar bu rəqabətə təxminən 10 il davam gətirə bilər. Azərbaycan telekanallarının əksəriyyətində mühüm tədbir və ya yarışlar olanda, birini canlı efirə verərkən digərini sosial platformalarda yayımlayırlar. Bir sözlə, telekanallar izləyici sayı itirdikcə bağlı qapılar arxasında qalacaq”.