İnformasiya təhlükəsizliyi güclənir - Rəşad Məcid

“Yeni qurum mediada çevik və kollegial idarəetməni təmin edəcək”

Milli Məclisin İnsan hüquqları komitəsinin 16 iyun tarixli iclasında “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara təklif olunan dəyişikliklər çərçivəsində Azərbaycanda yeni idarəetmə modeli - Media və Yayım Şurasının yaradılması məsələsi gündəmə gətirilib. Layihə müasir informasiya mühitinin tələblərinə uyğun olaraq media sahəsində vahid və kollegial tənzimləmə mexanizminin formalaşdırılmasını nəzərdə tutur. Məqsəd milli informasiya təhlükəsizliyinin gücləndirilməsi, medianın iqtisadi dayanıqlığının artırılması və çap, onlayn, eləcə də audiovizual media arasında inteqrasiya olunmuş yanaşmanın tətbiq edilməsidir. Təklif edilən dəyişikliklər həmçinin hüquqi tənzimləmənin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Mətbuat Şurasının rəhbəri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid "Sherg.az"a açıqlamasında deyib ki, Media və Yayım Şurasının yaradılması ilə bağlı “Media haqqında” Qanuna təklif olunan dəyişikliklər, ilk növbədə, Azərbaycanda media sahəsində həyata keçirilən dövlət siyasətinin və aparılan islahatların davamlılıq və ardıcıllıq göstəricisidir:

“Nəzərə alaq ki, Prezident İlham Əliyev medianın inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayır və sahəyə həssas yanaşır. Dövlətimizin başçısı, həmçinin, mediaya ölkəmizin informasiya təhlükəsizliyinin təminatında mühüm platforma kimi diqqət göstərib və bu yanaşmanın çoxsaylı nümunələri var. İkincisi, bilavasitə “Media haqqında” qanundan söz açmaq lazımdır. Məlum olduğu kimi, bu qanun 2022-ci ildə qəbul edildi. Sənəd yeni dövrün çağırışlarına adekvatdır və özünü əməli iş müstəvisində təsdiqləyib. Qanunda əksini tapan müddəalar mediamızın sağlam təməllər üzərində inkişafı üçün, bir növ, zəmanətdir. Hazırda nəzərdə tutulan dəyişiklik də başlanılmış işin davamıdır”. 

R.Məcid qeyd edib ki, Media və Yayım Şurası media sahəsindəki işləri optimallaşdırmağa və daha səmərəli nəticələ əldə etməyə imkan verəcək:

“Qlobal rəqəmsal ekosistemin tələbləri şəraitində informasiya təhlükəsizliyini gücləndirmək, o cümlədən, medianın iqtisadi müstəqilliyini sabit saxlamaq son dərəcə vacibdir. Deməli, daha çevik və kollegial mexanizmə keçid zərurəti var. Bu keçid mediaya vahid yanaşmanı təmin etməlidir və edəcək də. Həm də ona görə ki, dəyişikliklər qabaqcıl beynəlxalq təcrübəyə əsaslanır. Ümumən, Media və Yayım Şurasının yaradılması ilə bağlı “Media haqqında” Qanuna təklif olunan dəyişikliklər dövlətin informasiya siyasətinə vahid institusional yanaşmanın mövcudluğunu bir daha təsdiqləyir. İnstitsional yanaşma isə jurnalistikanı cəmiyyətin daha mütəhərrik platformasına çevirməyə hesablanıb. Bu platformada həm nizam-intizam güclü olmalıdır, həm də o, özündə müxtəlif təhdid və təhlükələrə çevik reaksiya immunitetini birləşdiməlidir”.