İTV-nin efirində müəyyən pluralizm qıtlığı müşahidə olunur - Qulu Məhərrəmli

"Amma indiki halda hesab edirəm ki, İctimai Televiziya müqayisədə bizim ən yaxşı telekanallarımızdan biridir”

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib. Bu barədə Audiovizual Şura məlumat yayıb. Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsini tutmaq istəyən namizədlər sənədlərini 27 aprel 2026-cı il saat 9.00-dan 8 may 2026-cı il saat 18.00-dək Azərbaycan Respublikası Audiovizual Şurasına (ünvan: Bakı şəhəri, A.M. Şərifzadə küçəsi 315) təqdim etməlidirlər.

Qeyd edək ki, Baş direktor Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.

Xatırladaq ki, İTV-nin baş direktoru Balakişi Qasımovdur.

Məsələ ilə bağlı "Sherg.az"a danışan tanınmış teletənqidçi, BDU-nun "Multimedia və elektron kommunikasiya” kafedrasının rəhbəri Qulu Məhərrəmli söyləyib ki, baş direktor vəzifəsinə sənəd qəbulu adi prosedur qaydasında, qanuna uyğun şəkildə keçirilir:

“Bununla bağlı yanaşma belədir ki, özünü orada görmək istəyən hər kəs sənəd verə bilər. Bu namizədlərin içərisindən də bir nəfər seçilib baş direktor olur. Balakişi Qasımovun fəaliyyəti dövründə İctimai Televiziya irəliyə doğru xeyli addımlar atıb, verilişlər müəyyən səviyyə qazanıb. Düzdür, bəzən İctimai Televiziyanın efirində, müəyyən pluralizm qıtlığı müşahidə olunur. Amma əvvəlki illərlə, əvvəlki rəhbərlərlə müqayisədə Balakişi Qasımov İctimai Televiziyanı xeyli irəli apara bilib. Yəni layihələr, o cümlədən ictimai müzakirələr, araşdırma proqramları İctimai Televiziyanın yaxşı fəaliyyətini göstərən addımlardır. İndi kim seçiləcək, kim sənəd verəcək, o başqa məsələdir və bunu gələcək göstərəcək. Amma indiki halda hesab edirəm ki, İctimai Televiziya müqayisədə bizim ən yaxşı telekanallarımızdan biridir”.