Media texnologiyaları dəyişir, amma etimad ən böyük dəyər olaraq qalır - Billurə Aslanqızı

  • Billurə Aslanqızı: “Şuşa Forumu Azərbaycan mediasının qlobal nüfuzunu daha da gücləndirəcək”

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən IV Qlobal Media Forumu beynəlxalq media nümayəndələrinin, ekspertlərin və jurnalistlərin iştirak etdiyi platformalardan biridir. Forumda qlobal informasiya mühitində baş verən dəyişikliklər, müasir medianın qarşısında duran çağırışlar müzakirə olunur.

Hər il forumun açılışında Prezident İlham Əliyev çıxış edərək müxtəlif aktual məsələlərə diqqət çəkir. Bu il də dövlət başçısının çıxışında regional proseslər, beynəlxalq münasibətlər, informasiya təhlükəsizliyi və medianın bu istiqamətlərdə rolu ilə bağlı məsələlərə toxunulub.

Tədbirin Azərbaycan mediası üçün əhəmiyyəti və yaratdığı perspektivlərlə bağlı Azərbaycan Radiosunun direktoru Billurə Aslanqızı Sherg.az-ın suallarını cavablayıb:

-IV Şuşa Qlobal Media Forumu Azərbaycanın media siyasəti və beynəlxalq informasiya əməkdaşlığı baxımından hansı yeni imkanları açır?

-IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq media dialoqunun mühüm platformasına çevrildiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər və jurnalistlərlə açıq dialoqu göstərdi ki, Azərbaycan qlobal informasiya mühitində şəffaf ünsiyyətə, birbaşa kommunikasiyaya və beynəlxalq media əməkdaşlığının genişlənməsinə xüsusi önəm verir.

Forum müxtəlif ölkələrdən media nümayəndələrini və ekspertləri bir araya gətirməklə informasiya mübadiləsi, dezinformasiyaya qarşı birgə mübarizə, yeni media texnologiyalarının tətbiqi və peşəkar jurnalistikanın inkişafı üçün yeni imkanlar yaradır. Bu, Azərbaycanın informasiya diplomatiyasını gücləndirən və ölkənin mövqeyinin beynəlxalq auditoriyaya birbaşa çatdırılmasına xidmət edən mühüm platformadır.

Radio baxımından isə forum beynəlxalq audio məzmun mübadiləsi, podkast layihələri, rəqəmsal radio texnologiyalarının tətbiqi və müxtəlif ölkələrin ictimai yayımçıları ilə əməkdaşlığın genişləndirilməsi üçün yeni perspektivlər açır. Müasir radio artıq təkcə FM yayımı deyil, rəqəmsal platformalar, mobil tətbiqlər və sosial media vasitəsilə qlobal auditoriyaya çıxış imkanı qazanan çevik informasiya vasitəsidir.

-Şuşa Media Forumundan sonra Azərbaycan mediası üçün ən mühüm nəticənin nə olacağını düşünürsünüz?

-Məncə, ən mühüm nəticə Azərbaycan mediasının beynəlxalq etibarlılığının və peşəkar nüfuzunun daha da möhkəmlənməsi olacaq. Forum bir daha göstərdi ki, informasiya təhlükəsizliyi, operativlik, faktlara söykənən jurnalistika və beynəlxalq əməkdaşlıq müasir medianın əsas prioritetləridir.

Bu proses Azərbaycan mediasını daha açıq, daha innovativ və daha rəqabətqabiliyyətli etməklə yanaşı, yeni texnologiyaların, xüsusilə süni intellekt həllərinin redaksiya işinə inteqrasiyasını da sürətləndirəcək.

Radio üçün isə əsas nəticə etibarlı informasiya mənbəyi statusunun daha da güclənməsidir. Böhran və informasiya yüklənməsi dövründə insanlar operativ, dəqiq və yoxlanılmış xəbərə daha çox ehtiyac duyurlar. Bu baxımdan radio klassik efirlə yanaşı rəqəmsal yayım, podkastlar və multimedia platformaları vasitəsilə cəmiyyətə xidmət imkanlarını genişləndirəcək. Şuşa Forumunun verdiyi əsas mesajlardan biri də budur: media texnologiyaları dəyişsə də, peşəkarlıq, məsuliyyət və ictimai etimad hər zaman medianın ən böyük dəyəri olaraq qalacaq.