Milli Məclisdə Azərbaycanda yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsindən irəli gələrək "Reklam haqqında" qanuna yeni maddə əlavə edilməsi məsələsi müzakirə olunub. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan dəyişiklikdə qeyd olunub ki, reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə edilə bilər.
Maraqlıdır, uşaqların reklama çəkilməsi ilə bağlı televiziyalarda monitorinq aparılıb? Neçə qanun pozuntusu aşkarlanıb?
Mövzu ilə bağlı Teleqraf-ın sorğusuna cavab olaraq Audiovizual Şuradan bildirilib ki, 2025-ci il ərzində televiziya kanallarınnı birində yayımlanan yalnız bir reklam materialında “Reklam haqqında” Qanunun 12.1.3-cü maddəsinin tələbinin (qüvvətləndirici və fərqləndirici sözlər vasitəsilə ailənin maddi vəziyyətindən asılı olmayaraq əmtəənin əldə edilməsinin mümkünlüyü fikrini yaratmaqla, valideynlərin və başqa şəxslərin bu əmtəəni almağa vadar edilməsinə yönəlmiş məlumatların yayımlanması qadağandır) pozulması halı təsbit olunub.
“Bununla bağlı yayımçıya bildiriş məktubu göndərilib, həmin reklam materialının məzmununun dəyişdirilməsi təmin edilib”, - məlumatda bildirilib.
Əlavə edilib ki, “Reklam haqqında” Qanun uşaqların reklam materiallarında iştirakını birbaşa qadağan etmir:
“Bu hallarda əsas prioritet uşaqların zərərli informasiyadan qorunmasıdır. Bu baxımdan, reklam çarxlarında uşaqların çəkilməsi uşaqların valideynlərinin və ya onları əvəz edən qanuni nümayəndələrin razılığı əsasında mümkündür. Bununla yanaşı, “Reklam haqqında” Qanunun 12.1 ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanların iştirakı ilə yayımlanan reklamlarda uşaqların maraqlarına zərər vuran məqamlardan istifadə olunması, onların psixoloji gərginlik yarada biləcək vəziyyətlərdə göstərilməsi, habelə uşaqlara mənəvi və fiziki baxımdan zərər yetirə bilən reklam materiallarının yerləşdirilməsi qadağandır. Audiovizual Şura tərəfindən aparılmış monitorinqlərin nəticələrinə əsasən qeyd edirik ki, son zamanlar reklam materiallarında bu istiqamətdə ciddi qanun pozuntusu qeydə alınmayıb”.