Qərar media subyektlərini daha diqqətli olmağa vadar edəcək - Qulu Məhərrəmli

“Ali Məhkəmənin qərarından əvvəl də efirdə şəxsi məlumatların yayılması ilə bağlı tənzimləmə “Media haqqında” qanunda öz əksini tapmışdı"

“Xüsusilə də efirdə şou-biznes nümayəndələrinin şəxsi həyatla bağlı müzakirələr aparması qəbuledilməzdir"

Televiziya məkanında “sosial veriliş” adı altında yayımlanan proqramların əksəriyyətində insanların şəxsi həyatı məsxərə obyektinə çevrilir. Telekanallar reytinq naminə, insanların özəl həyatını efirə daşımaqla təkcə etik normaları pozmur, insan ləyaqətinə də xələl gətirir. Məhz belə bir şəraitdə, Ali Məhkəmənin 24 dekabr tarixində qəbul etdiyi “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarı xüsusi əhəmiyyət daşıyır. Qərar televiziya və radio proqramlarında şəxsi və ailə sirrinə aid məlumatların aidiyyəti şəxslərin razılığı olmadan, yayılmasına qəti qadağa qoyur. Ən vacib məqam ondan ibarətdir ki, artıq məsuliyyət yalnız efirdə danışan şəxsin deyil, media subyektinin də üzərinə düşəcək.

Mövzu ilə əlaqədar Mətbuat Şurasının Etika Komissiyasının sədri, BDU-nun professoru Qulu Məhərrəmli Sherg.az-a açıqlamasında Ali Məhkəmənin qərarını yüksək qiymətləndirdiyini bildirib:

“Ali Məhkəmənin qərarından əvvəl də efirdə şəxsi məlumatların yayılması ilə bağlı tənzimləmə “Media haqqında” qanunda öz əksini tapmışdı. Qanunun 14-cü maddəsinə əsasən şəxsin ailəsi və şəxsi həyatı ilə bağlı həssas məlumatların yayılması qadağandır. Onu da qeyd edim ki, Audiovizual Şura “Media haqqında qanun”a əsasən audiovizual media sahəsinə nəzarəti həyata keçirir. Əgər efirdə şəxsi məlumatların yayılması ilə bağlı qanun pozuntusu aşkar edilərsə, müvafiq tədbirlərin görülməsi üçün Audiovizual Şuranın monitorinq və nəzarət funksiyaları işə düşür”. 

Professorun sözlərinə görə, yeni qərar, media subyektlərini daha diqqətli olmağa vadar edəcək:

“Xüsusilə də efirdə şou-biznes nümayəndələrinin şəxsi həyatla bağlı müzakirələr aparması qəbuledilməzdir. Hətta verilişlərdə, müzakirə olunan mövzular məişət səviyyəsindən də aşağı təsir bağışlayır. Ona görə də, canlı efirlərdə şəxsi məlumat yayan aparıcılarla, yanaşı, media subyektlərinin də məsuliyyət daşıması olduqca vacibdir. Bu yanaşma proqramların efirə verilmədən öncə, diqqətlə nəzərdən keçirilməsinə, qanunvericiliyin tələblərinə daha ciddi əməl olunmasına xidmət edəcək”.

Aybəniz Səfərova