"Ancaq bu gün balansın qurulmasına ehtiyac var: -bir tərəfdə əyləncə, digər tərəfdə isə ciddi, məsuliyyətli və analitik jurnalistika"
"Əslində, ölkə rəhbərinin və siyasi elitanın istədiyi də budur"
Azərbaycan teleməkanında radikal dəyişikliklər baş verir. “Tarixin bir günü”, “Elgizlə izlə”dən sonra ATV-də “Bizimləsən” və “Rəngarəng”, ARB-də isə “Səni axtarıram” və “Həmin Zaur” verilişləri, “Xəzər” tv-də Lalə Azərtaşın aparıcılıq etdiyi “Təsir dairəsi” proqramının da yayımı dayandırılıb.
İllərdir cəmiyyət bu proqramlardan narazılıq edirdi, ailə dəyərlərinin şou proqramlarda ayaqlar altına atılmasından, səsini, sənətini deyil, bədənini nümayiş etdirmək üçün efirə çıxarılan “müğənni”lərin xalqın estetik zövğünə, mədəni irsinə balta çaldığı bildirilirdi, amma tv-lər efir siyasətlərində dəyişiklik etmirdi. Nəhayət, efirin üz qarası olan proqramlar ləğv edildi. Bəs onların əvəzinə efirdə nə və necə yayımlanmalıdır?
"Tolerantlıq" Sosial Araşdırmalar İctimai Birliyinin sədri, tədiqatçı jurnalist Azər Rəşidoğlu “Sherg.az”a açıqlamasında bildirdi ki, şou verilişlər həmişə olub və olacaq. Bu, təkcə bizdə yox, bütün dünyada müşahidə olunan bir tendensiyadır. Çünki bu tip proqramlar geniş auditoriyanı cəlb edir və nəticədə reklam bazarını da əsasən onlar formalaşdırır. Televiziya kanalları üçün maliyyə baxımından bu amil həlledici rol oynayır. Ancaq:
- Bu o demək deyil ki, efir məkanı yalnız əyləncə üzərində qurulmalıdır. Çıxış yolu alternativ məzmunun da paralel şəkildə inkişaf etdirilməsidir. Xüsusilə ciddi analitik verilişlərə ehtiyac var - cəmiyyətin sosial, siyasi və iqtisadi problemlərini müzakirə edən, tamaşaçını düşündürən proqramlara. Vaxtilə Space və ANS kanallarında belə verilişlər mövcud idi. Həmin proqramlarda jurnalistlər canlı yayımda məmurlara açıq və sərt suallar verir, aktual məsələləri çəkinmədən müzakirəyə çıxarırdılar, belə verilişlərdə az iştirak etməmişəm. Heç kəs mənə hansı sualı verməli olduğumu şərt kimi irəli sürmürdü. Bu verilişlər həm medianın nüfuzunu artırırdı, həm də cəmiyyətdə ictimai nəzarət mexanizminin formalaşmasına töhfə verirdi. Bu gün də belə balansın qurulmasına ehtiyac var:-bir tərəfdə əyləncə, digər tərəfdə isə ciddi, məsuliyyətli və analitik jurnalistika. Əslində, ölkə rəhbərinin və siyasi elitanın istədiyi də budur.