“Gözəl günlər hələ qarşımızdadır”
70 yaşlı Tofiq müəllim həyat hekayəsini danışır
“İnsan ömrünü qatara bənzədirəm. Hamımız ömür qatarının sərnişinləriyik. Qatar gedirsə, deməli, onun müəyyən dayanacaqları da olur. Mənim üçün həmin dayanacaqlar həyatımın önəmli hadisələrinin baş verdiyi günlərdir” dedi, professor, filologiya elmləri doktoru, publisist Tofiq Əbdülhəsənli. Tofiq müəllim uzun illər həm publisist-jurnalist, həm də pedaqoq olaraq çalışıb, bu gün də Azərbaycan İqtisad Universitetinin Azərbaycan dili kafedrasının müdiridir, pedaqoji fəaliyyətini davam etdirir. Onunla həmsöhbət olduqca həyatındakı önəmli hadisələr bir-bir göz önündə canlandı... Hazırda dediyi ömür qatarının 70 yaşlı sərnişinidir. Onun ömür qatarının önəmli “dayancaqlar”ı isə özünün dediyi kimi “İqtisadiyyat da poeziyadır”, “Cəmiyyətin iqtisadi təkamül mərhələsi: ədəbi proses və söz yaradıçılığı”, “İşgüzar yazışmalar”, “İşgüzar Azərbaycan dili”, “Poetik sözün vüsəti”, “Vətəndaş yanğısı”, “Dilimiz-varlığımız” “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”, “Azərbaycan dili və nitq mədəniyyəti” və digər dərsliklərin, publisistik və elmi kitablarımın dərc olunduğu tarixlərdir. Həyatının unudulmaz hadisələri Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülməsidir. Bu, uzun illər ərzində rəsmi dövlət qəzetlərində mətbuat işçisi kimi onun əməyinə verilən çox böyük bir qiymətdir. Tofiq müəllim UNEC-in 90 illik yubileyində təhsildə qazandığı uğurlara görə “Tərəqqi” medalı ilə təltif olunub. Bu təltiflərə görə cənab Prezidentə dərin təşəkkürünü bildirir. Tofiq müəllimin elmi yaradıcılığı barədə Azərbaycanın bir çox böyük alimləri müsbət fikirlər söyləyiblər. Müxtəlif illərdə Xalq şairi Məmməd Araz, professorlar Cəlal Abdullayev, Teymur Əhmədov, Yaşar Qarayev, Əfqan Əsgərov, Hacı İmamverdi Əbilov, Maarifə Hacıyeva və digər görkəmli ziyalı, yazar və alimlərimizin onun elmi və publisistik əsərləri barədə söylədikləri Tofiq müəllimə yüksək dəyər və etimadın göstəricisidir.
- Tofiq müəllim, 70 yaşına çatdınız. İnsanların əksəriyyəti, bəlkə də, elə hamımız keçmişə - arxaya baxmağı daha çox sevirik və edirik bunu. Yəqin ona görədir ki, insanın keçmiş ömründə şirin xatirələr daha çoxdur. Qayğısız uşaqlıq, yeniyetməlik, bir qədər də gənclik keçmişdədir. Yaşa dolduqca bu hisslər daha da dərinləşir. Siz, Tofiq müəllim, ötən illərinizdə nələri daha çox xatırlayırsınız?
- Doğma kəndimdən - Pirəbbədən çıxıb arzularımın dalınca yollananda təxminən 17 yaşım vardı. Həmin vaxtdan xeyli keçib, illər arxada qalıb. Bakıdayam o zamandan. Amma bu uzun illər ərzində bir gün də qəlbən, ruhən Pirəbbəsiz olmamışam. Elə görüşünə də tez-tez gedirəm doğma kəndin. Hər dəfə də gedəndə ürəyim mənzil başına çatmağa tələsir. Əvvəllər, yəni cavanlıqda mindiyim bəzən kiçik, bəzən iritutumlu avtobusların sürücülərini tələsdirmək istəyirdim. Sonralar artıq sükan arxasında özüm olanda yol boyu hiss məni üstələdikcə ürəyimdə özümə əmr edirdim: “Yavaş, Tofiq, maşınında tək deyilsən, ailən var, uşaqların var!” Elə ki, kəndə çatıram, dərhal dərindən nəfəs almaq istəyirəm. Sanki ciyərlərim genişlənib daha çox hava udmaq istəyir... Yadıma gəlir ki, orta məktəbdə oxuyanda bizə belə bir mövzuda inşa yazdırardılar: “Haradan başlanır Vətən?” Əlbəttə, hər birimiz yazırdıq ki, Vətən Pirəbbədən başlanır. Yazmağına düz yazırdıq. Amma bəlkə də, verilən sualın dərinliyinə bir o qədər vara bilmirdik. Onda çoxumuzun anlayışında Vətən elə Pirəbbənin ərazisi qurtaranda bitirdi. Axı o zaman az qala hamımız kəndimizdən qırağa çıxmamışdıq. Vaxt gəldi, ömür qatarı bizləri o biri kəndlərə, şəhərlərə də apardı. Həm də təkcə öz yurdumuzda, öz ölkəmizdə deyil. Qatarlarla təhsil, elm, iş, qazanc dalınca digər məmləkətlərə gedənlər də oldu. Mənim üçün mənzil başı Bakı oldu, baş şəhərimiz, paytaxtımız, canımız Bakı. Bakı bizə qucaq açdı, burada oxuduq, təhsil aldıq, işə düzəldik. Uğurlarımızın, gözəl günlərimizin, sevgimizin, ümidlərimizin reallaşdığı şəhər oldu Bakı. Ömrün bu yaxın-uzaq yollarında nə qədər gözəl yerlər görsəm də, Bakı mənim üçün çox əziz bir şəhər olaraq qalacaq.
- Sizin ədəbiyyata, klassik irsimizə bağlılığınız məlumdur. Şübhə etmirəm ki, bu bağlılıq doğma kəndinizin ab-havasıyla ötürülüb sizə.
- İllərin o tayından hələ də qulaqlarıma çox həzin bir səs, bir ana laylası gəlir:
Laylay beşiyim laylay,
Evim-eşiyim laylay,
Sən get şirin yuxuya,
Çəkim keşiyin laylay.
Nərgizi üzüm laylay,
Telinə düzüm laylay,
Sən böyü, mən qocalım,
Toyunda süzüm laylay
Bu, anam Xanımnazın mənə çaldığı həmin layla idi ki, sonralar kiçik bacı-qardaşlarımın beşiyi yanında başımı onun dizinə söykəyib dinlədikcə yaddaşıma hopmuşdu. Uzun, soyuq qış gecələrində bu layla sürətlə axan Kürün şaqraq səsinə qarışar, ilıq, aydın yay axşamlarında isə sanki çayın həzin “nəğmə”si ilə həmahəng olardı. Çox həqiqətlər var ki, biz onların mənasını, mahiyyətini illər sonra daha aydın dərk edirik. Bəli, sözə, şeirə, poeziyaya, folklora meylim, məhəbbətim bax, onda yaranıbmış! Mən bunu sonralar başa düşdüm.
- İnsanın formalaşmasında doğulub boya-başa çatdığı ailənin də xüsusi önəmi var. Valideynləriniz haqqında danışın.
- Uşaqlıqdan qanıma-iliyimə hopan həm də atam Əbdüləziz kişinin öyüd-nəsihətləri olub. Zəhmətkeş bir insan idi. Yurda, torpağa bütün qəlbi ilə bağlanmışdı. Zamanın gərdişində ali təhsil ala bilməsə də, sanki bütün varlığı hikmətlə dolmuşdu. Yaşadıqca, işlədikcə, xeyirdə-şərdə yaxından iştirak etdikcə, insanlarla sıx ünsiyyətdə olduqca geniş dünyagörüşü qazanmışdı. Övladlarına aşıladığı da yalnız müsbət keyfiyyətlər idi. Həyətimizdə torpaq belləyəndə, ağac əkəndə də, axşamlar hamımız ocaq başına yığışanda da, bir sözlə, hər yerdə, hər zaman öyüdləri yadından çıxmazdı: “Bax, ay oğul, zəhmət çəkməsən, bu torpaq sənə heç nə verməz. Torpaq deyər ki, öldür məni, dirildim səni. Əkdiyin ağaca qulluq etməsən, onu su ilə doyurmasan, meyvəsindən əlini üz. Hər sahə belədir. Elm, təhsil də həmçinin. Zəhmətə qatlaşmasan, gecəni gündüzə qatıb oxumasan, aydın məqsədin, möhkəm iradən olmasa, heç nəyə nail ola bilməzsən. Yalnız bunlara sahiblənsən, yaxşı həkim də ola bilərsən, yaxşı müəllim, yaxşı mühəndis də. Bir az da əziyyət çəkən, əmək sərf edən elmin lap dərinliyinə varar...” Ciddi adam idi. Həmişə üzündə xoş bir təbəssüm vardı. Amma sənət seçməkdə bizə sərbəstlik verdi. “Niyyətin hara, mənzilin də ora”, - dedi atam. Biz də hərəmiz öz ürəyimiz istəyən, qabiliyyətimiz çatan sahəyə yollandıq. Bildiyiniz kimi, mənim həvəsim ədəbiyyata olub. Bu, bəlkə də, Xəlil Rza Ulutürkün bizimlə qohumluq əlaqəsi olması ilə bağlı idi. Orta məktəbin yuxarı siniflərində artıq özüm-özümə qərar vermiş, yolumu müəyyənləşdirmişdim.
- Yəni ədəbiyyatı, şeiri, söz sənətini seçdiniz...
- Neftçala rayonunun qonşu Yuxarı Qaraymanlı kənd orta məktəbini bitirəndən sonra 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) filologiya fakültəsinə qəbul olundum. Həm ali təhsil aldım, həm də istehsalatda çalışdım. Heç vaxt yolun asanını seçmədim. Ordu sıralarında da oldum, dövrün qayda-qanunu ilə əsgəri borcumu yerinə yetirdim. Ali təhsilli mütəxəssis kimi ilk iş yerim “Gənclik” nəşriyyatı oldu. Klassiklərdən tutmuş, müasir ədəbiyyatın ən görkəmli nümayəndələrinə qədər – Mirzə İbrahimov, Xəlil Rza Ulutürk, Musa Cəlil, Söhrab Tahir, Sabir Rüstəmxanlı və digər yazıçıların əsərlərinin – kitablarının redaktoru olmaq çox qürurverici idi. Mübaliğəsiz deyim ki, kitaba, ədəbiyyata çox həris idim. Anam deyərdi ki, ay bala, sən məktəbin kitabxanasını evə daşıdın ki.... Kitabları oxuduqca bəzən onların təkcə necə yazıldığı ilə deyil, hansı şəraitdə, hansı proseslərlə araya-ərsəyə gəldiyi barədə də fikirləşərdim. Azərbaycanın klassik və müasir yazıçılarının əsərlərini, rus və dünya ədəbiyyatının nümunələrini oxuyardım. Amma nə gizlədim, bunların arasında bir müəllifin kitabları da var idi ki, mütaliə etməyi bacardığım vaxtdan onları oxuyub köksümə sıxar, gözümün üstünə qoyardım. Bu, Ulutürkün kitabları idi. Xalqımızın, Türk dünyasının böyük oğlu, ölməz şairi mənim ustadım Xəlil Rza Ulutürkün... Dediklərimin bir səbəbi Ulutürk poeziyasının möhtəşəmliyi idisə, digər bir səbəbi bu dahi şairin Pirəbbənin övladı olması idi. Mən onu yetişdirən torpağın havası-suyu ilə böyümüşəm. Nə qədər şanlı-şöhrətli olsa da, Ulutürk biz – Pirəbbə uşaqları və gəncləri üçün həm də Xəlil əmi idi. Mənim üçün isə eyni zamanda bir məktəb, bir universitet idi. Mən bu məktəbin dərslərini hələ Pirəbbədə keçmiş, bu universitetin mühazirələrini doğma kəndimdə dinləmişdim...
- Kitabları redaktə etmək, həm də tanınmış, özünü təsdiqləmiş yazıçı, şairlərin əsərlərini, etibar edirdilər sizə?
- “Gənclik" nəşriyyatında redaktor kimi altı ilə qədər - 1985-1990-cı illərdə çalışdım. Çox təcrübə topladım orada. Mən deyərdim ki, redaktə etmək elə yazmağa bərabərdir, bəlkə də, daha çətindir. Bəziləri düşünürlər ki, yazmağı bacarmasan da, redaktə işi ilə məşğul ola bilərsən. Belə deyil. Moskvada Mətbuat İnstitutunda təhsil alarkən bunu bir daha dərk etdim. Təvazökarlıqdan kənar olmasın, həmin vaxtadək mən artıq öz qələmimi də sınamışdım. Azərbaycan dövlət radiosunda və televiziyasında verilişlərim səslənmişdi, dövri mətbuatda oçerk və məqalələrim dərc olunmuşdu. Beləcə, bu dəfə yollar məni jurnalistikaya gətirdi. 1991-ci ildən rəsmi dövlət qəzeti olan “Azərbaycan”da işləməyə başladım. Bu mətbu orqanda iqtisadiyyat şöbəsinin müdiri idim (2002-ci ilədək). İqtisadi biliklərimi artırmaq, qəzetin yazarlarının və müxbirlərinin məqalələrini daha səriştəli redaktə etmək üçün İqtisad Universitetində ikinci ali təhsil aldım. Bu həmin illər idi ki, məlum səbəblər üzündən tənəzzülə uğramış ölkə iqtisadiyyatı dirçəldilir, bazar iqtisadiyyatı tətbiq olunur, torpaq islahatı aparılır, beynəlxalq şirkətlərlə neft müqavilələri imzalanır, ixrac marşrutları çəkilirdi və s. Və bütün bu, eləcə də müstəqilliyini təzəcə bərpa etmiş respublikamızın iqtisadiyyatı üçün digər taleyüklü məsələlər qəzet səhifəsində istər şöbənin müdiri, istərsə də əməkdaşları tərəfindən operativ və tam dolğunluğu ilə işıqlandırılırdı.
– Amma sonra “Respublika” qəzetində çalışdınız.
- 15 illik həmin missiyanı mən digər bir iqtidar qəzetində - “Respublika”da da uğurla davam etdirdim. 2003-2018-ci ilədək “Respublika” qəzetində şöbə müdiri olaraq çalışdım. Bu da gündəlik bir qəzet idi və hər yeni nömrəsində günün tələb etdiyi aktual mövzularda yazılarımız dərc olunurdu – həm mənim, həm də rəhbərlik etdiyim şöbənin. Bir sözlə, ömür qatarı irəliləyirdi, bəlkə də, şütüyürdü. Deyim ki, həmin vaxtadək keçdiyim yollarda elmi də unutmamışdım. Dövri mətbuatın arı pətəyi kimi qaynayan həyatını yaşamağa, kərpic-kərpic ev-eşik qurmağın çətinliyinə, üç körpənin atası olmağın məsuliyyətinə paralel olaraq ömür qatarımda elm də daim mənimlə idi. Özünü öymək kimi çıxmasın, mən buna da vaxt tapırdım. Çünki istək ürəkdən gəlirdi, çünki oxuduqlarımı, öyrəndiklərimi, gəldiyim nəticələri ümumiləşdirmək gərək idi. Hələ universitetin filologiya fakültəsində təhsil alarkən müasir Azərbaycan ədəbiyyatını, xüsusilə də siyasi lirikanı mükəmməl öyrənməyə çalışırdım. Bəxtiyar Vahabzadəni, Xəlil Rza Ulutürkü, Məmməd Arazı, Sabir Rüstəmxanlını dönə-dönə oxuyurdum. Diplom işimi ustadım Ulutürkün yaradıcılığına həsr etmişdim. Diplom rəhbərim, filologiya elmləri doktoru, professor Cəlal Abdullayev işimdən çox razı qalmışdı və bu mənə böyük həvəs və stimul vermişdi. Professor tövsiyə etmişdi ki, bu yolu davam etdirim. Beləliklə, “Müasir Azərbaycan şeirində siyasi lirika” adlı namizədlik dissertasiyamı yazdım və müvəffəqiyyətlə müdafiə etdim. Bu tədqiqatatın mərkəzində Rəsul Rzanın, Xəlil Rza Ulutürkün, Bəxtiyar Vahabzadənin, Cabir Novruzun, Sabir Rüstəmxanlının, Söhrab Tahirin və poeziyamızın digər görkəmli nümayəndələrinin siyasi lirikası dayanır.
- Tofiq müəllim, siz danışdıqca, “necə geniş fəaliyyət göstərmisiniz” keçir fikrimdən. Bu işlərin hamısına vaxt ayırmaq hər insana nəsib olan deyil…
- Bilənlər bilir, elmi axtarış elə bir məşğuliyyətdir ki, başladınsa dayanmaq olmur. Bu yolda bir axtarışdan digərinə, bir tapıntıdan digərinə doğru gedirsən. Bir sualdan yeni birisi doğulur və onun cavabı üçün bir az da irəliləyirsən. Ədəbiyyat, filologiya sahəsində də təxminən belədir. Mövzunu, əsərləri öyrəndikcə, tədqiq etdikcə daha bir kamillik görürsən və onu dərindən təhlil etmək, öyrənmək, gəldiyin elmi qənaətləri hamıyla bölüşmək istəyirsən. Doktorluq dissertasiyam üzərində işimi də şərtləndirən elə bu dediklərim oldu. Bu iş bir qədər çox vaxt apardı, lakin uğurla nəticələndi. Tarix boyu sübut olunub ki, əsl alimlər elmin çətin, bəzən əzablı yollarında, yuxusuz gecələrdə, rahatsız gündüzlərdə sərvət, qazanc, var-dövlət haqqında düşünməyiblər. Onların məqsədi bambaşqa olub... Yüzlərlə misal gətirmək mümkündür. Əgər mən öz tədqiqatlarımla Azərbaycanın böyük şairlərinin yaratdıqlarını lazımınca mənalandıra, tədqiq edə bilmişəmsə, bu zəhmətim xalqımızın ədəbi irsini öyrənməkdə insanlara, xüsusilə gənc nəslə, filoloqların gələcək nəsillərinə bir fayda verəcəksə, bu, ən böyük mükafatım və qazancımdır.
- Pedaqoji fəaliyyətinizi davam etdirirsiniz?
- Əlbəttə. Neçə illərdir mənim ömür qatarımın sərnişinləri arasında tələbələrim də var. Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan dili kafedrasının müdiriyəm. Hörmətli rektorumuz, professor Ədalət Muradovun rəhbərliyi ilə bu universitet Azərbaycanın və dünyanın ən nüfuzlu, ən qabaqcıl təhsil ocağına çevrilib. Burada işləməklə qürur duyuram. Çalışıram ki, bir müəllim olaraq da etimadı doğruldam. Çünki müəllim adının məsuliyyəti böyükdür. Ulu Öndərimiz Heydər Əliyevin: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” sözləri harada işləməsindən asılı olmayaraq hər bir müəllimin boynuna böyük məsuliyyət yükü qoyur. Mən bu sözləri cəmiyyətə bir mesaj kimi də qəbul edirəm. Belə ki, müəllim hər yerdə sayılıb-seçilən insan olmalıdır və bu hörməti, nüfuzu təbii ki, ilk növbədə özü qazanmalıdır. Mən tələbələrimə qayğı ilə yanaşıram. Onlar da mənə hörmət bəsləyirlər. Zəngin dilimiz, onun ifadə imkanlarının genişliyi və bu kimi mövzularda dərslərimiz həmişə marağa, müzakirə və diskusiyalara çevrilir.
Ömür qatarımda uzun illərdir mənimlə qoşa gedən bir əziz insan da var. Bu, həyat yoldaşım Nazilə xanımdır. Onun barəsində danışmasam, özümü bağışlamaram.
- Buyurun, təbii ki…
- Nazilə xanım səmimi insan, təcrübəli pedaqoq, sadiq ömür-gün yoldaşı, gözəl ana, qayğıkeş nənə. Dolaylı-dolanbaclı ömür yollarında qoşa addımlaya-addımlaya, çətinlikləri, qayğıları tən bölə-bölə, hər uğura birgə sevinə-sevinə üç övladımızı – bir qız və iki oğlumuzu boya-başa çatdırmışıq, necə deyərlər, onları cəmiyyətə layiqli vətəndaş kimi təqdim etmişik. Qızım həkimdir, əhalinin sağlamlığı keşiyində dayanıb. Yüksək ixtisaslı onkoloq-cərrah kimi dövlət xəstəxanasında öz missiyasını şərəflə yerinə yetirir. Oğlum Tural ali təhsilli maliyyəçidir. İqtisadiyyat üzrə fəslsəfə doktorudur. SOCAR sistemində çalışır. Həm də UNEC-in dosentidir. Digər oğlum Eltac hüquq-mühafizə orqanlarında ictimai asayişin və təhlükəsizliyin keşiyində dayanıb. Övladlarım bizi yeddi gül nəvə ilə sevindirib. Böyük nəvəm Əli yüksək balla Azərbaycan Tibb Universitetinin müalicə fakültəsinə daxil olub. Ailəmizə sevinc bəxş edib. Digər nəvələrim də ona baxıb həvəsləniblər.
- Özünüz dediyiniz kimi, ömür qatarı sizə sürətlə irəli aparıb. İtirdiyiniz sərnişinlər də olub, yəqin…
- Bir zamanlar, yəni 1955-ci il dekabrın 30-da mənim ömür qatarım baş dayanacağından - Pirəbbədən tərpənəndə onun digər sərnişinləri də vardı: nənəm, babam, atam, anam... Sonralar dünyaya göz açan bacı-qardaşlarım qoşuldu bizə... Anamı tez itirdim bu yollarda. Bu itkinin göynərtisi hələ də qəlbimi yandırır, baxmayaraq ki, özüm artıq babayam. Dəli Kürün əlimizdən erkən yaşında aldığı qardaşım Mübarizin də itkisi çox ağır oldu bizim üçün. Ömür qatarımda çoxlu dostlar da vardı. Bir çoxu ilə indi də çiyin-çiyinəyik. Bəzilərinə ömür vəfa etmədi. Bəziləri isə... dostluğa, əhd-ilqara vəfasız çıxdıqları üçün yarı yolda düşməli oldular qatardan...
- Ömür qatarının artıq qocaman sərnişini kimi pəncərədən baxanda nə düşünürsünüz?
- ...Hər gün paytaxtımızın küçələrindən keçdikcə sözün əsl mənasında qürurlanıram. Gündən-günə böyüyüb artıq meqapolisə çevrilən Bakımız üçün, azad Vətənimiz, qalib ölkəmiz, qüdrətli dövlətimiz, yaxşı mənada tanınmaz olan şəhərlərimiz, kəndlərimiz üçün... Bunların arasında doğma Pirəbbəm də var.
Böyük Xəlil Pza Ulutürkün dediyi kimi:
Ey ata vətənim Pirəbbə kəndi,
Ürəyim səninçün titrəyir indi
Bu səbəbdən də vaxt imkan verdikcə yollanıram ata yurduma. O yurdda gör neçə əzizimin ruhu yaşayır. Düşünürəm ki, rahat uyuyurlar. Çünki yurdun ocağını sönməyə, ağaclarını qurumağa qoymadım. Artıq öz ömrünü yaşamış olan ata-baba evinin yerində təzə bir ev də tikdim. Tikdim ki, balalar, nəvə-nəticələr yurda bağlılığın nümunəsini əyani görsün, ənənələri yaşatsınlar. Qatarımız yenə yoldadır, səfərləri davam edir. Qatar hərəkətdədirsə, onun sərnişini də ətrafı seyr edir, gördüklərindən, eşitdiklərindən yeni nəticələr çıxarır, yeni planlar qurur, ürəyi daha gözəl sabaha qanadlanır. Müşfiqimizin təbirincə ifadə etsək:
Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki...
Böyük günlər, şanlı günlər, şən günlər,
Yoluna düşən günlər
Hələ qarşımızdadır!
İnşallah, qarşıda çox səfərlərimiz olacaq. Təzədən cənnətə dönən Şuşaya, Ağdama, Kəlbəcərə gedəcək, müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin dəmir yumruğu, ordumuzun səyi ilə düşmən tapdağından azad edilmiş torpaqlarımızı oba-oba, oymaq-oymaq gəzəcəyik. Mən Ağdamı xüsusilə qeyd etmək istərdim. Bütün gəncliyim, cavanlığım yay aylarında Ağdamda keçib. Mənə əziz olan insanların yanına həyat yoldaşımla birgə maşınla, qatarla getdiyim vaxtlar heç vaxt yaddan çıxmaz. Elə ki, qatardan düşərdik, bizi qarşılamağa gələnlərin xoş çöhrəsini, gülər üzünü, səmimi münasibətini görərdik. Hələ Sabir küçəsindəki evimizə çatanda İsa dayı ilə Fatma xalanın qaymaqlı-ballı süfrəsini, ən başlıcası isə ata-ana nəvazişi ilə bizi necə qarşılamalarını heç vaxt unutmarıq. Şair demiş, hələ “neçə qohum toyu, dost nişanı var”. Nəvə toyu görmək də xoş bir niyyət, ülvi bir arzudur!... Odur ki, digər bir şairimizin misrası ilə desək, “hələ yaşamağa dəyər bir az da”...