“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Oğuz bələdiyyəsinin inzibati binasında keçirilən sonuncu görüşdə bələdiyyənin sədri Arif Cavadov, üzv və bələdiyyə qulluqçuları iştirak ediblər.
QHT.az xəbər verir ki, İctimai birliyin sədri Vüqar Cəfərov iştirakçılara layihənin icrası, məqsədi və vəzifələri barədə ətraflı məlumat verib. Layihə çərçivəsində hər birində iki gün olmaqla doqquz şəhər bələdiyyələrində görüşün keçirildiyini, həmçinin şəhərlərdə fəaliyyətdə olan tarix-diyaşünaslıq muzeylərini və dövlət qeydiyyatında olan maddi-mədəni irs nümunələrinin ziyarət edildiyini, o cümlədən hər bir görüşdə bələdiyyələrin üzv və qulluqçuları tərəfindən maraqlı təkilflərin səsləndirildiyini qeyd edib. Bu görüşədək isə artıq Cəlilabad, Masallı, Yardımlı, Siyəzən, Şabran, Xaçmaz, Quba və İsmayıllı rayonlarının hər birində iki gün olmaqla davam edən görüşlər keçirilib.

Vüqar Cəfərov tolerant şəhər kimi formalaşan Oğuz rayonunda çoxsaylı tarixi və memarlıq irsə sahib olduğunu qeyd edib. Birlik sədri qeyd edib ki, bu gün hər bir yerli və mərkəzi icra hakimiyyəti orqanının, o cümlədən bələdiyyələrin də əsas məqsədlərindən biri bu tarixi irsə sahib çıxmaqla və onu gələcək nəslə olduğu kimi çatdırmaq olmalıdır. Və bu işdə hər birimiz vətəndaş olaraq öz töhfəmizi verməyə borcluyuq.
Vüqar Cəfərov Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsində götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsü"ndə İsmayıllı rayonunda 13 yerli əhəmiyyətli tarix və mədəniyyət abidənin qeydə alındığını bildirib. Onun da üçü şəhərdə, digərləri isə rayon ərazisində yerləşir.
Oğuz bələdiyyəsinin sədri Arif Cavadov bələdiyyənin son illərdəki fəaliyyətinə toxunaraq büdcə gəlirlərinin artırlamsı üçün vergi xidməti orqanının ciddi şəkildə çalışdığını qeyd edib. Məhz bu səbəbdən büdcə gəlirlərində bir sıra irəliləyişlərimiz var. Lakin əldə olunan gəlirlər nəzərdə tutduğumuz layihələrin icrasına imkan vermir. Ancaq butun bu çətinliklərə baxmayaraq maddi-mədəni irsimizin qorunmasında bələdiyyənin də öz töhfəsini verməyə çalışır. Sədr bu gün müzakirə edilən mövzunun aktual olduğunu da qeyd etməyi unutmayıb.
Bələdiyyə sədri daha sonra bildirib ki, maddi-mədəni irsimizin qorunması hər bir bələdiyyədən maliyyə vəsaiti tələb edir. Büdcə gəlirlərini artırmaqla bizdə bələdiyyə olaraq maddi-mədəni irsimizin qorunmasına və mühafizəsinə öz töhfəmizi verməyə hazırıq.
Görüşdə iştirak edən bələdiyyənin üzv və qulluqçuları mövzu ətrafında öz fikir və mülahizələrini bildiriblər.
Yekunda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və xatirə şəkli çəkilib.
Əlavə edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi 2009-cu ilin dekabrında təsis edilmiş və 2010-cu ilin fevral ayında rəsmi dövlət qeydiyyatına alınmışdır. 2011-ci ildən başlayaraq aktiv fəaliyyətə başlayaraq bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə söykənən layihələrin icrası ilə məşğuldur.