Bakı Metropolitenində cari ilin martından günün pik vaxtlarında “28 May–Əhmədli” sahəsində hər iki istiqamətdə saatda 36 cüt qatar hərəkət edir.
Bakı Metropoliteni" QSC-dən Teleqraf-a verilən məlumata görə, günorta saatlarında sərnişin axını nəzərə alınaraq, saat 12:30–14:30 və 16:00–17:00 aralıqlarında interval 30 saniyə azaldılaraq, “28 May–Əhmədli” sahəsində 2 dəqiqlik hərəkət qrafiki tətbiq olunur.
Sərnişin axınının tənzimlənməsi məqsədilə, həmçinin gün ərzində səhər saat 08:00–09:00 aralığında “Koroğlu”, 13:00–14:00 aralığında “28 May”, “Gənclik” və “Elmlər Akademiyası”, 18:00–19:00 aralığında isə “Elmlər Akademiyası” və “28 May” stansiyalarına qədər xəttə sərnişinsiz qatarlar verilir.
Qeyd edək ki, 2025-ci ilin aprelində pik saatlarda qatarların sayı saatda 32 cütə çatdırılaraq intervallar 1 dəqiqə 52 saniyəyədək azaldılıb. Sentyabrın 15-də bu göstərici saatda 34 cüt olmaqla, interval 1 dəqiqə 45 saniyəyə endirilib, dekabrda isə qatar cütlərinin sayı 35-ə çatdırılıb.