“Bələdiyyə fəaliyyəti – problemlər və perspektivlər” layihəsi davam edir

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiəsi Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə fəaliyyəti – problemlər və perspektivlər” layihəsinin icrasını davam etdirir.

QHT.az xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir 19.08.2026-cı il tarixində Xaçmaz rayonu- Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilib.

Tədbirdə Xaçmaz rayonunu və kəndləri əhatə edən bələdiyyələrin 17 nəfər üzvləri və qulluqçuları iştirak edirdi.

Tədbiri D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyinin təlimçiləri Ə. Qurbanova və N. Qəniyeva aparırdılar.

Tədbiri Xaçmaz rayon İH –nin nümayəndəsi Əlibaba Alxaslı açdı. İştirakçılarla tanışlıqdan sonra layihə və donor haqda məlumat verildi. Bildirilib ki, layihənin əsas məqsədi bələdiyyələrin fəaliyyət imkanlarının genişləndirilməsinə dəstək göstərmək, bu sahədə mövcud problemləri və inkişaf perspektivlərini araşdırmaq, bələdiyyə–vətəndaş və bələdiyyə–sahibkar münasibətlərinin inkişafına töhfə verməkdir.

Daha sonra təlimçi Əntiqə Qurbanova bələdiyyələrin fəaliyyəti, bələdiyyə–əhali və bələdiyyə–sahibkar münasibətlərinin qurulması, eləcə də bələdiyyələrin insan hüquqlarının, xüsusilə qadın hüquqlarının müdafiəsində rolu barədə təqdimatla çıxış edib.

Qeyd olunan mövzular ətrafında iştirakçılarla geniş müzakirələr aparılıb, onların fikir və təklifləri dinlənilib. Bələdiyyələrin üzləşdiyi problemlər, mövcud çətinliklərdən çıxış yolları və yerli özünüidarəetmənin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Təlimçi Nabat Qəniyeva bələdiyyələrin regionların sosial-iqtisadi inkişafındakı rolunun artırılması və maliyyə dayanıqlığının təmin edilməsi məqsədilə qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər barədə məlumat verib.

Bildirilib ki, qanunvericiliyə edilən dəyişikliklər bələdiyyələrin qrant vəsaitləri əldə etməsi üçün yeni imkanlar yaradır.

Təlim zamanı bələdiyyələrin maliyyə dayanıqlığının gücləndirilməsi məqsədilə layihə təkliflərinin hazırlanması, real ideyaların layihələşdirilməsi, hesabatlılıq, müsabiqə və tenderlərdə iştirak qaydaları haqqında da ətraflı məlumat təqdim olunub.

Tədbirin sonunda layihə təkliflərinin hazırlanması və hesabatlılıq mövzularında qrup işləri həyata keçirilib. Hər bir kiçik qrup regionda mövcud problemlərdən birini seçərək həmin problemin həllinə yönəlmiş layihə təklifi hazırlayıb.

Qrup təqdimatları zamanı iştirakçılar digər qrupların suallarını cavablandırıb və hazırladıqları layihə ideyalarını əsaslandırıblar. Praktiki məşğələlər iştirakçıların layihə hazırlığı sahəsində bilik və bacarıqlarının artırılmasına xidmət edib.

Xaçmaz bələdiyyələri uşaq bağçalarının vəziyyətindən narahatlıqlarını dilə gətirdilər. Eyni zamanda bələdiyyələr təcrübəli QHT –lərdən bir nəfərin bələdiyyədə məsləhətçi yaxud ekspert qismində olmasını məqbul olduğunu vurğuladılar.

Müzakirələr zamanı bələdiyyələrin fəaliyyətinə mane olan əsas problemlər də müəyyənləşdirilib. İştirakçıların irad və təklifləri ümumiləşdirilərkən aşağıdakı məsələlər ön plana çıxıb:

– əvvəlki bələdiyyələrin fəaliyyət dövründən qalan Dövlət Sosial Müdafiə Fonduna borclar və həmin borclara hesablanan faizlərin davamlı artması;

– kənd əhalisinin, xüsusilə aztəminatlı ailələrin əmlak vergisini ödəmək imkanlarının məhdud olması;

– vergi daxilolmalarının azlığı səbəbindən bələdiyyə büdcələrinin formalaşdırılmasında yaranan çətinliklər;

– borclara görə bəzi bələdiyyələrin bank hesablarının bağlanması və nəticədə dövlət tərəfindən ayrılan dotasiyaları ala bilməmələri;

– kəndlərdə bələdiyyə binalarının qeyri-qənaətbəxş vəziyyətdə olması və bəzi bələdiyyələrin yalnız bir otaqdan ibarət şəraitdə fəaliyyət göstərməsi;

– sahibkarlarla bələdiyyələr arasında əməkdaşlıq münasibətlərinin zəif olması;

– bələdiyyələrin balansında olan torpaqlardan səmərəli istifadə edilməməsi.

İştirakçılar bildiriblər ki, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilikdə mövcud olan bəzi boşluqlar onların səlahiyyətlərinin genişləndirilməsinə və daha səmərəli fəaliyyət göstərməsinə mane olur.

Bu məsələlərin Milli Məclis tərəfindən nəzərə alınmasının məqsədəuyğun olduğu vurğulanıb.

Tədbir zamanı foto və video çəkilişləri aparılıb, həmçinin iştirakçılar üçün çay süfrəsi təşkil olunub.

Qalereya