Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəti Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyinin “Bölgələrdə gender problemlərinin təhlili ” layihəsi uğurla başa çatıb.
QHT.az xəbər verir ki, layihənin əsas məqsədi, bölgələrdə gender bərabərliyinə təsir edən maneələri müəyyən etmək və həll yollarını tapmaqdan ibarət idi.
Layihənin rəhbəri Ş.Dadaşova layihə barəsində məlumat verərək bildirdi ki, “Bölgələrdə gender problemlərinin təhlili, ölkənin ümumi inkişafı, insan hüquqlarının təmin olunması və sosial ədalətin bərqərar olması üçün strateji əhəmiyyət kəsb edir. Paytaxtdan kənarda, xüsusilə kənd yerlərində ənənəvi baxışlar, iqtisadi məhdudiyyətlər və məlumatlılığın az olması gender bərabərsizliyini dərinləşdirə bilər. Gender bərabərliyinin tam təmin olunması və ənənəvi ailə dəyərlərinin müasir çağırışlarla uyğunlaşdırılması istiqamətində təhsil və maarifləndirmə tədbirləri davam etdirilməlidir”.

RGM İB layihə çərçivəsində Ağdam, Bərdə, Tərtər, Xocavənd və Ağcabədi rayonlarında dəyirmi masa müzakirələri keçirilmişdir. “Gender problemləri”, “Azərbaycan Dövlət Ailə siyasəti və Gender problemləri”, “Gender problemləri və ondan çıxış yolları” mövzusunda təqdimatlar olub.
Layihənin eksperti Gender problemləri barədə ətraflı məlumat vermiş və bölgələrdə qadın zorakılığı halları, erkən nikahlar, qızların təhsildən yayınması və məişət zorakılığı daha çox rast gəlinə bilən problemlər olduğunu vurğulayıb.
Bölgələrdə gender problemlərinin təhlili bu problemlərin kök səbəblərini (stereotiplər, təhsil səviyyəsi) üzə çıxarmış və regional xüsusiyyətləri, adət-ənənələri və yerli stereotipləri nəzərə alaraq, gender bərabərliyinə mane olan faktorları müəyyən etməyə köməklik edib.

Gender problemlərindən çıxış yolları təhsilin gücləndirilməsi, qanunvericiliyin sərtləşdirilməsi, məişət zorakılığı ilə mübarizə mexanizmlərinin işlənməsi, ailədə və cəmiyyətdə bərabər bölgünün təşviqi, həmçinin media və ictimai şüurda stereotiplərin aradan qaldırılmasına yönəlmiş kompleks maarifləndirmə tədbirlərindən ibarətdir.
Layihə çərçivəsində problemlərdən çıxış yolları üçün ən çox səsləndirilən təkliflər :1)Yerli idarəetmə orqanlarının və gender məsələləri üzrə məsul şəxslərin fəaliyyətinin gücləndirilməsi; 2) Qızlar və qadınlar üçün bölgələrdə xüsusi kursların, peşə təlimlərinin təşkili; 3) Ağsaqqallar və yerli nüfuzlu şəxslərin maarifləndirmə prosesinə cəlb olunması ilə ənənəvi stereotiplərin qırılması; 4) Dövlət qurumları və qeyri-hökumət təşkilatları tərəfindən bölgələrdə gender bərabərliyi,ailə dəyərləri və qanunvericilik ilə bağlı maarifləndirmə tədbirlərinin miqyasının genişləndirilməsi; 5) Məktəblərdə və ali təhsil müəssisələrində gender bərabərliyi haqqında dərslərin və təlimlərin keçirilməsi; 6)Cəmiyyətdə qadın və kişi rolları ilə bağlı köhnəlmiş stereotiplərin dəyişdirilməsi; 7)Valideynlərin və uşaqların erkən yaşlardan bərabərlik prinsipləri ilə böyüdülməsi. və s.

Tədbirlərdə 100 dən çox insan iştirak edib. İştirakçılar layihənin mövzusunun aktual olduğunu bildiriblər. Onlar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür ediblər.
İctimai Birlik layihənin uğurlu alınmasna görə Ağdam, Bərdə, Tərtər, Xocavənd və Ağcabədi rayonlarının İH-lərinə təşəkkürlərini bildiriblər.
Qeyd; Layihə 3 ay müddətində (01may 2026 cı il tarixdən 31 iyul 2026-cı il tarixinə qədər) Ağdam, Bərdə, Tərtər, Xocavənd və Ağcabədi rayonlarında həyata keçirilib.