“Əlilliyi olan şəxslər üçün mədəni turların təşkili” layihəsinə start verilib

“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə maliyyə dəstəyi müsabiqəsinin qalibi olmuş və “Əlilliyi olan şəxslər üçün mədəni turların təşkili” adlı layihənin icrasına başlayıb.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi 12-45 yaş arası sağlamlıq imkanları məhdud olan şəxslərin sosial inteqrasiyasını, mədəni maariflənməsini və psixoloji rifahını gücləndirmək, onların cəmiyyətin ictimai və mədəni həyatında fəal iştirakına şərait yaratmaq, sosial bacarıqlarını inkişaf etdirmək və özünəinam hissini artırmaqdır.

Üç ay müddətində həyata keçiriləcək layihə çərçivəsində Şamaxı, Quba və Xaçmaz rayonlarında mədəni və sosial turlar təşkil olunacaq. Hər bir turda ən azı 20 nəfər iştirak edəcək və ümumilikdə 60 nəfərədək sağlamlıq imkanları məhdud şəxs layihənin fəaliyyətlərinə cəlb olunacaq.

Səfərlər zamanı iştirakçılar regionların tarixi, mədəni və turizm məkanları ilə yaxından tanış olacaq, müxtəlif maarifləndirici və sosial fəaliyyətlərdə iştirak edəcək, yeni ünsiyyət əlaqələri qurmaq və asudə vaxtlarını səmərəli keçirmək imkanı əldə edəcəklər. Layihə iştirakçıların cəmiyyətə inteqrasiyasına, sosial fəallığının artırılmasına və psixoloji rifahının dəstəklənməsinə xidmət edəcək.

Layihənin sonunda iştirakçıların iştirakı ilə yekun konsert proqramı təşkil ediləcək. Həmçinin layihənin nəticəsi olaraq iştirakçıların əksəriyyətində sosial fəallığın, ünsiyyət bacarıqlarının və özünəinam göstəricilərinin yüksəlməsi gözlənilir.

“İstedadlı Əlillər” İctimai Birliyinin sədri Qubad Qasımov bildirib ki, bu layihə vasitəsilə sağlamlıq imkanları məhdud şəxslərin mədəni həyata daha fəal cəlb olunmasına, onların sosial inklüzivliyinin gücləndirilməsinə və cəmiyyətə tamhüquqlu inteqrasiyasına öz töhfəsini verməyi qarşısına məqsəd qoyub.