Əlilliyi olan şəxslərə sosial dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Əlilliyi olan uşaqların sağlamlığının qorunması” layihəsi çərçivəsində 20 may 2026-cı il tarixindən etibarən təlimlərə start verib.
QHT.az xəbər verir ki, layihənin əsas məqsədi əlilliyi olan uşaqların reabilitasiyasına dəstək göstərmək, anaların bu sahədə bilik və bacarıqlarını artırmaq, xüsusilə də kineziolentləmə üsullarının tətbiqini öyrədərək onların uşaqların gündəlik reabilitasiya prosesində daha fəal iştirakını təmin etməkdir.

Layihə çərçivəsində ümumilikdə 16 təlimin keçirilməsi nəzərdə tutulub. Təlim proqramına həm nəzəri, həm də praktik məşğələlər daxildir. Təlimlərdən 4-ü praktik günlər kimi təşkil olunacaq və iştirakçılar əldə etdikləri bilikləri mütəxəssislərin nəzarəti altında tətbiq etmək imkanı qazanacaqlar.
Bu günə qədər layihə çərçivəsində 4 təlim və 1 praktik gün uğurla həyata keçirilib. Təlimlər zamanı iştirakçılar kineziolentləmənin əsas prinsipləri, tətbiq sahələri, düzgün istifadə qaydaları və uşaqların fərdi ehtiyaclarına uyğun yanaşmalar barədə ətraflı məlumatlandırılıblar. Praktik məşğələlərdə isə analar əldə etdikləri nəzəri bilikləri tətbiq edərək müvafiq bacarıqlarını inkişaf etdiriblər.

Layihə iştirakçıları təlimlərin onların bilik və bacarıqlarının artırılmasında mühüm rol oynadığını, öyrəndikləri metodların uşaqların reabilitasiya prosesinə müsbət təsir göstərəcəyini bildiriblər.
Əlilliyi olan şəxslərə sosial dəstək İctimai Birliyi layihə çərçivəsində növbəti təlim və praktik məşğələlərin də yüksək səviyyədə təşkil olunacağını və iştirakçıların reabilitasiya sahəsində daha geniş bilik və təcrübə əldə etmələrinə şərait yaradılacağını qeyd edir.