“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İsmayıllı bələdiyyəsinin inzibati binasında keçirilən növbəti görüşdə bələdiyyənin sədr müavini Anar Rəsulov, komissiya sədri, tanınmış şair Şahməmməd Soltanov və bələdiyyə qulluqçuları iştirak ediblər.
QHT.az xəbər verir ki, ictimai birliyin sədri Vüqar Cəfərov iştirakçılara layihənin icrası, məqsədi və vəzifələri barədə ətraflı məlumat verib. Bu görüşədək artıq Cəlilabad, Masallı, Yardımlı, Siyəzən, Şabran, Xaçmaz və Quba rayonlarında hər birində iki gün olmaqla davam edən görüşlərin keçirildiyini, maddi-mədəni irs nümunələrinin ziyarət edildiyini, o cümlədən hər bir görüşdə bələdiyyələrin üzv və qulluqçuları tərəfindən maraqlı təkilflərin səsləndirildiyini qeyd edib.
Layihə çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə baş mütəxəssisi Samir Zülfiyevin və İsmayıllı rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Ramiz Məmmədovun iştirakı ilə rayonda dövlət qedyiyyatına alınmış bir çox yerli əhəmiyyətli tarixi-memarlıq abidələrin, o cümlədən Cümə məscidini, yerli tarix-diyarşünaslıq muzeyini və digər tarixi-memarlıq abidələrinin ziyarət edildiyini qeyd edən Vüqar Cəfərov İsmayıllının zəngin tarixi və memarlıq irsə sahib olduğunu, ərazisində Lahic və Basqal kimi qədim tarixi olan yaşayış məntəqələrinin bu gün dövlət tərəfindən yüksək səviyyədə bərpa edillərək ziyarətçilərin istifadəsinə verildiyini qeyd edib. Birlik sədri qeyd edib ki, bu gün əsas məqsədlərimizdən biri bu tarixi irsə sahib çıxmaqla və onu gələcək nəslə olduğu kimi çatdırmaq olmalıdır.
Vüqar Cəfərov Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsində götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsü"ndə İsmayıllı rayonunda 112 yerli əhəmiyyətli tarix və mədəniyyət abidənin qeydə alındığını bildirib. Bu abidələrin 92-si Lahic, 2-si isə Basqal tarix-mədəniyyət qoruqlarında, digər 10-u isə rayonun digər ərazilərində yerləşir.
Bələdiyyənin komissiya sədri, tanınmış şair Şahməmməd Soltanov maddi-mədəni irsimizin qorunmasında bələdiyyənin də öz töhfəsini verməyə borclu olduğunu dilə gətirib. O hazırda bir sıra tarixi əhəmiyyət daşıyan abidələrində bərpa və konservasiya işlərinin aparılmasına ehtiyac olduğunu qeyd edib. Bu gün Lahic tarix-mədəniyyət qoruğunda dövlət tərəfindən ciddi addımlar atıldığını, ziyarətçilər üçün əlçatanlağının təmin edildiyini, hazırda bir sıra bərpa layihələrin həyata keçirdiyini qeyd edib. Lakin görülməli işlərin vaxtında və sürətli şəkildə həlli nəticədə mövcud abidələrləin gələcək nəslə sağlam vəziyyətdə çatdırılmasına imkan verəcəyini qeyd edib.
Komissiya sədri mövzunun aktual olduğunu və bələdiyyənin vergi xidməti əməkdaşlarının vergi ödəyiciləri ilə söhbətlərində məhz bu istiqamətə də toxunduqlarını qeyd edib.
Komissiaya sədri daha sonra bildirib ki, maddi-mədəni irsimizin qorunması hər bir bələdiyyədən maliyyə vəsaiti tələb edir. Büdcə gəlirlərini artırmaqla bizdə bələdiyyə olaraq bu sahənin qorunmasına və mühafizəsinə öz töhfəmizi verəcəyik.
Görüşdə iştirak edən bələdiyyənin üzv və qulluqçuları mövzu ətrafında öz fikir və mülahizələrini bildiriblər.
Yekunda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və xatirə şəkli çəkilib.
Layihə çərçivəsində növbəti sonuncu görüşün Oğuz bələdiyyəsində keçirilməsi nəzərdə tutulmuşdur.
Əlavə edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi 2009-cu ilin dekabrında təsis edilmiş və 2010-cu ilin fevral ayında rəsmi dövlət qeydiyyatına alınmışdır. 2011-ci ildən başlayaraq aktiv fəaliyyətə başlayaraq bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə söykənən layihələrin icrası ilə məşğuldur.