Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Əlilliyi olan Şəxslərə Sosial Dəstək İctimai Birliyinin icrası ilə həyata keçirilən "Əlilliyi olan uşaqların sağlamlığının qorunması" layihəsi çərçivəsində son təlim günü təşkil olunub.

QHT.az xəbər verir ki, təlimdə 19 nəfər iştirak edib. Tədbiri Əlilliyi olan Şəxslərə Sosial Dəstək İctimai Birliyinin sədri Təranə Musayeva açıq elan edib. O, layihənin maliyyələşdirilməsinə, valideynlərin tibbi və reabilitasiya sahəsində maarifləndirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.Təranə Musayeva qeyd edib ki, bu cür layihələrin gələcək illərdə də davam etdirilməsi daha çox valideynin tibbi biliklərinin artırılmasına, əlilliyi olan uşaqların reabilitasiya prosesində düzgün yanaşmaların tətbiqinə və ailələrin maariflənməsinə mühüm töhfə verəcəkdir.
O, Agentliyə göstərdiyi davamlı dəstəyə görə bir daha minnətdarlığını ifadə edib. Daha sonra layihənin qiymətləndirilməsi mərhələsi keçirilib. İştirakçılarla sorğu-sual təşkil olunub, təlim mövzuları üzrə bilikləri yoxlanılıb və layihə rəhbəri ilə birlikdə mövzular ətrafında müzakirələr aparılıb. İştirakçılar sualları böyük həvəslə cavablandıraraq əldə etdikləri bilik və bacarıqları nümayiş etdiriblər. Bu isə layihənin məqsədlərinə uğurla nail olunduğunu və iştirakçılar tərəfindən böyük maraqla qarşılandığını göstərdi.

Tədbirin sonunda layihə rəhbəri iştirakçılara gələcək fəaliyyətlərində uğurlar, özlərinə və övladlarına möhkəm cansağlığı arzuladı, onların gələcəkdə də maarifləndirici və faydalı layihələrdə fəal iştirak etmələrini diləyib. Sonda əvvəlcə təlimçiyə təşəkkürnamə təqdim olunub, daha sonra isə layihə rəhbəri və təlimçi tərəfindən bütün iştirakçılara sertifikatlar təqdim edilib. İştirakçılar layihə ilə bağlı xoş təəssüratlarını bölüşərək təşkilatçılara təşəkkür ediblər. Layihə yüksək məmnunluq hissi ilə başa çatıb.