“Meşə yanğınları ilə mübarizə sahəsində maarifləndirmə” layihəsi qalib elan olunub

“Mühit Ekoloji Mühafizə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsi çərçivəsində "Meşə yanğınları ilə mübarizə sahəsində maarifləndirmə" mövzusunda layihə ilə qalib elan olunub.

QHT.az xəbər verir ki, birliyin mütəxəssisləri iyun ayında Masallı və Oğuz, iyul ayında isə Ağsu və Şabran rayonlarında təbiətlə sıx təmasda olan ictimai fəallar, fermerlər, müəllimlər, ovçular, bələdiyyə üzvləri və yuxarı sinif şagirdləri arasında məlumatlandırma tədbirləri həyata keçirəcəklər.

Ekoloqlar və hüquqşünaslar meşə yanğınlarının ekoloji fəsadları barədə tədbir iştirakçılarına ətraflı məlumat verəcəklər. Layihənin uğurla həyata keçirilməsi üçün tədbirlərdə aidiyyəti nazirliklərin nümayəndələri də iştirak edəcəklər. Ekologiya və Kənd Təsərrüfatı nazirliklərinin əməkdaşları meşələrin yandırılmasının flora və faunaya vurduğu zərər, eləcə də belə yanğınların fermer təsərrüfatlarına ciddi ziyan vurması barədə məlumat təqdim edəcəklər.

Tədbirlər başa çatdıqdan sonra layihə çərçivəsində meşə ilə fermer təsərrüfatlarının təmasda olduğu ərazilərdə birlik tərəfindən hazırlanmış xəbərdaredici lövhələr quraşdırılacaq. Həmçinin layihənin icrası barədə ictimaiyyət informasiya agentlikləri vasitəsilə mütəmadi olaraq məlumatlandırılacaq.